“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət satınalmalarında və bələdiyyə sifarişlərinin verilməsində maraqlar toqquşmasının qarşısının alınmasına dair müddəalar yer alıb.
Layihəyə əsasən, vəzifəli şəxslərin dövlət satınalmalarında iştirakına dair məhdudiyyətlər bu qanun layihəsi və “Dövlət satınalmaları haqqında” qanunun müvafiq müddəaları əsasında tənzimlənəcək.
Sənədin 7.2-ci maddəsində isə bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və onların müəyyən edilmiş əlaqəli şəxsləri üçün xüsusi məhdudiyyətlər nəzərdə tutulur.
Təklifə əsasən, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları, onların səhmdar və ya payçı olduqları hüquqi şəxslər, eləcə də maddədə göstərilən yaxınları və iştirakçısı olduqları hüquqi şəxslər həmin bələdiyyənin sifarişlərinin verilməsində iştirak edə bilməzlər.
Həmin şəxslərin müvafiq bələdiyyənin vəsaitini və bələdiyyə zəmanəti ilə kreditləri almasına da məhdudiyyət qoyulması təklif edilir.
Qanun layihəsində bu məhdudiyyətlər vasitəsilə dövlət və bələdiyyə vəsaitlərinin istifadəsində obyektivliyin təmin edilməsi, şəxsi maraqların qərarlara təsirinin qarşısının alınması və satınalma proseslərinə etimadın artırılması hədəflənir.