“Azərbaycanda müasir tələblərə cavab verməyən dizel avtobuslarının tamamilə istismardan çıxarılması hədəflənir. Bu ilin sonunadək dövriyyədə olan belə avtobuslardan təxminən 500-ü qalacaq, gələn il isə onların da hamısı yeni avtobuslarla əvəzlənəcək”.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O qeyd edib ki, bu gün Bakıda artıq 2 600-ə yaxın avtobus fəaliyyət göstərir:
“Son üç il ərzində avtobusların sayı 1 700-dən 2 600-ə çatıb ki, bu da 900 avtobus artımı deməkdir. Həmin nəqliyyat vasitələri ekoloji cəhətdən daha təmiz yanacaq növləri ilə, o cümlədən sıxılmış təbii qazla (CNG) və elektrik enerjisi ilə işləyir”.
Nazir müavini əlavə edib ki, Naxçıvanda ictimai nəqliyyat yaxın vaxtlarda tamamilə elektrikləşdirilib:
“Qarabağın yaşıl zona elan edildiyi məlumdur. Bu ərazidə də ilk dəfə elektrik avtobusları istismara verilib. Digər şəhər və rayonlarımızda da bu proses davam edir.
Qeyd etmək lazımdır ki, bəzi hallarda birbaşa elektrik avtobuslarından istifadə edilməsə də, nəqliyyat vasitələrinin modernləşdirilməsi və Avro-6 standartlarına uyğunlaşdırılması ətraf mühitə vurulan zərərin azaldılmasına imkan verir”.