Azərbaycan Mətbuat Şurası jurnalistlərin süni intellektdən istifadə zamanı əsas götürməli olduqları məqamları şərh edib.
Bu barədə Mətbuat Şurasının sosial media hesabında paylaşım edilib.
“Media informasiya texnologiyalarından, o cümlədən süni intellekt sistemlərindən fəal yararlanır. Jurnalistlərin IX qurultayında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinə əlavə edilmiş 3.13-cü bənddə bu məqam əksini tapır və bildirilir ki, jurnalistlər qanunla müəyyən edilmiş hallar istisna olmaqla, informasiya texnologiyalarından üçüncü şəxslərin şəxsi həyatına, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə etməməli, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyini əsas götürməlidirlər”, - deyə paylaşımda qeyd olunub.