MFC Azərbaycanda mikromaliyyə sektorunun böhranlara davamlılığını yüksək qiymətləndirib

Azərbaycanın mikromaliyyə sektoru qlobal maliyyə böhranı, COVID-19 pandemiyası və müxtəlif qeyri-müəyyənliklərə baxmayaraq, inkişafını davam etdirib.

“APA-Economics” xəbər verir ki, bunu Mikromaliyyə Mərkəzinin (MFC) icraçı direktoru Katarzyna Pawlak XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) çətin dövrlərdə fəaliyyətini davam etdirərək sektorun inkişafına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfələr verib.

K. Pawlak qeyd edib ki, assosiasiya şəffaflığın artırılması, məlumatların təhlili, sosial fəaliyyətin qiymətləndirilməsi, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və müştəri hüquqlarının qorunması istiqamətində mühüm təşəbbüslər həyata keçirib.

O bildirib ki, mikromaliyyə sektorunun inkişafında yalnız güclü maliyyə institutlarının formalaşdırılması kifayət deyil. Bunun üçün sektor iştirakçıları ilə tənzimləyici qurumlar arasında effektiv dialoqun qurulması da vacibdir.

MFC rəhbərinin sözlərinə görə, sektorda yeni ideyaların çatışmazlığı müşahidə olunmur. Əsas məsələ düzgün prioritetlərin müəyyənləşdirilməsi, həmin ideyaların yerli şəraitə uyğunlaşdırılması və praktikada tətbiqidir.

K. Pawlak əlavə edib ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə savadlılığının artırılması, müştəri hüquqlarının qorunması və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində fəaliyyəti sektorun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.