2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib.
Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri üzrə statistik göstəriciləri əsasında aparılan hesablamalardan məlum olur.
2025-ci ilin müvafiq dövründə xarici maliyyə institutlarının buraxdığı kartlarla əməliyyatların həcmi 1 milyard 139,5 milyon manat təşkil etmişdi.
Beləliklə, cari ilin ilk doqquz ayında əməliyyatların həcmi illik müqayisədə təxminən 130 milyon manat və ya 11,4% artıb.
Təkcə sentyabr ayında qeyri-rezident maliyyə institutlarının kartları ilə Azərbaycanda 181,7 milyon manatlıq əməliyyat aparılıb. Bu, 2025-ci ilin sentyabrındakı 158,4 milyon manatla müqayisədə 23,3 milyon manat və ya 14,7% çoxdur.
Sentyabrda xarici kartlarla əməliyyatların sayı da illik müqayisədə 28,4% artaraq 2 milyon 67,6 minə yüksəlib. Halbuki ötən ilin eyni ayında bu göstərici 1 milyon 610,4 min təşkil edirdi.
“Mastercard” üzrə əməliyyatlar 42,7% artıb
Sentyabr ayında ABŞ-ın beynəlxalq ödəniş sistemləri operatoru “Visa”nın xaricdə buraxılmış kartları ilə Azərbaycanda 96,6 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövründəki 97,8 milyon manatla müqayisədə 1,2% azdır.
ABŞ-ın digər beynəlxalq ödəniş sistemləri operatoru “Mastercard”ın xarici kartları ilə əməliyyatların həcmi isə 55 milyon manatdan 78,5 milyon manata yüksəlib. Beləliklə, bu istiqamətdə illik 23,5 milyon manat və ya 42,7% artım qeydə alınıb.
Hesabat ayında xarici “American Express” kartları ilə 1,3 milyon manat, “UnionPay” kartları ilə 400 min manat, digər ödəniş sistemlərinin kartları ilə isə 4,9 milyon manatlıq əməliyyat həyata keçirilib.