Təhsili peşə bacarıqlarının inkişafı, qadınlar üçün real iqtisadi imkanların yaradılması ilə əlaqələndirmək lazımdır.
Bu barədə "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, təkcə qızların təhsilə çıxışını təmin etmək deyil, həm də onların işlə təmin olunması, iqtisadi müstəqilliyə nail olması və öz cəmiyətlərində qərarların qəbulunda iştirak etməsi üçün şərait yaratmaq lazımdır.
A.Ramazanova qeyd edib ki, Heydər Əliyev Fondu təhsil infrastrukturunun və inklüziv təhsilin inkişafına dair, o cümlədən fiziki imkanları məhdud olan şəxslər üçün təşəbbüslər həyata keçirir.
Onun sözlərinə görə, inklüzivlik təkcə məktəb təhsilinə əlçatanlığın təmin edilməsini deyil, həm də sağlamlıq imkanları məhdud olan insanların təhsili, bacarıqlarının inkişafı və cəmiyyət həyatında tamhüquqlu iştirakı üçün şəraitin yaradılmasını nəzərdə tutur.
A.Ramazanova, həmçinin Burkina-Fasoda həyata keçirilən təhsil və sosial dəstək üzrə beynəlxalq layihələrdən, eləcə də Nigerdə münaqişələrdən zərər çəkmiş qadınların sosial inteqrasiyasına dair təşəbbüslərdən danışıb.
O, həmçinin Heydər Əliyev Fondu tərəfindən Şamaxıda yaradılmış və region qadınlarına ənənəvi sənətkarlıq əsasında hazırlanmış əl işlərini təqdim etmək və satmaq imkanı verən Yaradıcılıq Mərkəzinin fəaliyyətinə də toxunub.