Bakı, 28 oktyabr, AZƏRTAC VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Yaddaş, mədəniyyətlər və mədəniyyətlərarası əlaqələr” mövzusunda müzakirələrdə mədəni müxtəlifliyin qorunmasının, mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın beynəlxalq sülhün təmin olunmasındakı rolu diqqətə çatdırılıb.AZƏRTAC xəbər verir ki, Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roger K. Koudé çıxışında mədəni müxtəlifliyə hörmətin, xalqlar və cəmiyyətlər arasında dialoqun inkişafının beynəlxalq münasibətlərdə əhəmiyyətini vurğulayıb. Professor qeyd edib ki, UNESCO tərəfindən 2001-ci ildə qəbul edilmiş Mədəni müxtəliflik üzrə Ümumdünya Bəyannaməsində mədəni müxtəlifliyə hörmət etimad və qarşılıqlı anlaşma şəraitində dözümlülüyün, dialoqun və əməkdaşlığın təşviqi üçün mühüm vasitə kimi qiymətləndirilir.O bildirib ki, mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə, xalqlar və cəmiyyətlər arasında yaxınlaşmaya, eləcə də iqtisadi, sosial və mədəni inkişafın dəstəklənməsinə xidmət edir. Bu baxımdan, mədəniyyətlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır.Roger K. Koudé çıxışında hər bir mədəniyyətin bəşəriyyətin inkişafına və ümumi mədəni irsin zənginləşməsinə töhfə verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, onların yaratdığı dəyərlərin tanınması və qorunması bəşəriyyətin ortaq inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.Professor vurğulayıb ki, mədəniyyət hər bir cəmiyyətin kimliyinin və mənəvi dəyərlərinin əsasını təşkil edir. Mədəniyyətlər həm də dəyərlərin nəsildən-nəslə və bir cəmiyyətdən digərinə ötürülməsində mühüm rol oynayır. Müxbirlər - Tünzalə Arazlı, Nərmin Muradzadə Fotoqraf - İlkin Cavanşirov Videooperator - Şövqi Əzizov