ABŞ fond indeksləri üzrə fyuçerslər çərşənbə günü, oktyabrın 28-də səhər saatlarında qarışıq dinamika nümayiş etdirir. İnvestorlar ən böyük texnologiya şirkətlərinin maliyyə hesabatlarının açıqlanmasını və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarını gözləyirlər.
Asiya bazarlarında isə bu arada güclü yüksəliş müşahidə olunur. Yaponiyanın Nikkei 225 indeksi 1,38% artıb, Cənubi Koreyanın Kospi indeksi isə 6,57% yüksəlib. Artım o qədər güclü olub ki, Koreya Birjası proqramlaşdırılmış ticarəti qısa müddətə dayandırmalı olub. Honq Konqun Hang Seng indeksi 0,43%, Çinin CSI 300 indeksi isə 0,68% yüksəlib.
Xatırladaq ki, əvvəlki ticarət sessiyasında ABŞ indeksləri də yüksəlişlə bağlanıb. Nasdaq Composite çip istehsalçılarının səhmlərində növbəti rallinin fonunda 1,2% artıb. Broadcom bildirib ki, bir qrup bank şirkətin çiplərinin və şəbəkə həllərinin alınaraq sonradan Anthropic-ə lizinqə verilməsi üçün 63 milyard dollar maliyyələşmə təqdim edəcək. Bu xəbərin fonunda Broadcom səhmləri 4%, AMD səhmləri 5,5%, Micron səhmləri isə 2,8% bahalaşıb. İranın ali liderinin ABŞ ilə müharibənin dayandırılması şərtlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşməsi barədə xəbərlərdən sonra neft qiymətlərinin ucuzlaşması da bazara dəstək verib.
Günün əsas hadisəsi FED-in ikigünlük iclasının başa çatması olacaq. CME FedWatch məlumatlarına görə, faiz dərəcəsinin 3,75–4% diapazonunda saxlanılması ehtimalı təxminən 92% qiymətləndirilir. Bununla belə, bazar iştirakçılarının bir hissəsi FED sədri Kevin Uorşdan gələcək faiz artımları ilə bağlı siqnallar gözləyir. Qərar ABŞ-nin şərq sahili vaxtı ilə saat 14:00-da, Bakı vaxtı ilə isə saat 22:00-da açıqlanacaq.
Ticarət bağlandıqdan sonra investorların diqqəti Alphabet və Microsoft-un hesabatlarına yönələcək. Bu şirkətlər “Möhtəşəm yeddilik”in hesabat mövsümünü açacaqlar. Son həftələrdə süni intellekt infrastrukturu üçün maliyyələşmə ilə bağlı suallar texnologiya sektoruna təzyiq göstərib. Bununla belə, Morgan Stanley strateqləri hesab edirlər ki, korreksiya başa çatmağa yaxındır: “Korreksiyanın böyük hissəsi artıq geridə qalıb. Dörd-beş aydır korreksiya rejimində idik və məncə, bazar bunu çox effektiv şəkildə həzm edib”.