Azərbaycan Mərkəzi Bankı sabah, yəni 29 oktyabr 2026-cı il tarixində saat 10:00-da faiz dəhlizi ilə bağlı növbəti qərarını açıqlayacaq. Sentyabrın 23-də keçirilən son iclasdan bəri illik inflyasiya 5,7%-dən 5,5%-ə enib. Mərkəzi Bankın sədri Taleh Kazımov isə bu müddətdə verdiyi müsahibədə inflyasiyanın artması risklərinin qaldığını bildirib.
Son qərarda uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5% səviyyəsində saxlanılmış, aşağı hədd isə 5,5%-dən 5%-ə endirilmişdi. Uçot dərəcəsi Mərkəzi Bankın banklararası qısamüddətli faizləri yaxınlaşdırmağa çalışdığı əsas göstəricidir. Dəhlizin aşağı həddi bankların vəsaitlərini Mərkəzi Bankda overnayt yerləşdirdikdə aldıqları faizi, yuxarı həddi isə Mərkəzi Bankdan gecəlik likvidlik əldə etdikdə tətbiq olunan faizi göstərir.
Sadə dildə desək, aşağı həddin endirilməsi banklar üçün artıq vəsaiti Mərkəzi Bankda saxlamağın gəlirliliyini azaldır. Mərkəzi Bank bu addımın izafi likvidlik şəraitində bankları həmin vəsaitlərlə bir-biri arasında daha fəal əməliyyat aparmağa təşviq edəcəyini gözləyir.
Qərardan sonra açıqlanan sentyabr statistikasına əsasən, Mərkəzi Bankın əsas götürdüyü makroiqtisadi göstərici illik inflyasiya avqustdakı 5,7%-dən 5,5%-ə düşüb. Bununla yanaşı, qiymətlər təkcə sentyabr ayında 0,9% artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları ötən ilin eyni ayı ilə müqayisədə 6,9%, ödənişli xidmətlər 5,1%, qeyri-qida məhsulları isə 3,6% bahalaşıb. Bu o deməkdir ki, inflyasiya Mərkəzi Bankın 2%-6% hədəf intervalında qalır.
Mərkəzi Bankın digər əsas götürdüyü göstərici də qiymətlərlə bağlı müsbət siqnal verib. Məsələn, dövlətin tənzimlədiyi qiymətlər və mövsümi kənd təsərrüfatı məhsulları çıxılmaqla hesablanan baza inflyasiyası sentyabrda illik müqayisədə 4,9% olub. Avqustda bu göstərici 5,1% idi. Yəni qiymət artımının bu göstərici üzrə illik tempi 0,2 faiz bəndi zəifləyib. Bununla belə, baza qiymətləri təkcə sentyabr ayında əvvəlki aya nisbətən 0,7% artıb; avqustda aylıq artım 0,3% olmuşdu. Yanvar-sentyabr üzrə baza inflyasiyası isə ötən ilin eyni dövrünə nisbətən 5,4% təşkil edib.
Mərkəzi Bankın 2026-cı il üzrə inflyasiya proqnozu fevralda 5,5% idi, mayda 5,9%-ə, iyulda isə 6,1%-ə qaldırıldı. Son dəyişiklik məhz iyulda edilib – bank artımı əsasən xarici mənşəli xərc amilləri ilə izah edib. Bu iclas isə bir növ ABŞ FED-nin “dayaq” iclasına bənzəyir. Mərkəzi Bankın bitməmiş 2026 və növbəti il üçün inflyasiya, cari əməliyyat balansı və iqtisadi artımla bağlı proqnozlarını verəcək.
Kazımov oktyabrın 16-da dərc olunan “Global Finance” müsahibəsində Mərkəzi Bankın ilin sonuna inflyasiya proqnozunun 6,1%, 2027-ci ilin sonuna isə 5,8% olduğunu bildirib. O, təklif amillərindən qaynaqlanan yuxarı istiqamətli risklərə diqqət çəkib, məzənnə sabitliyini pul siyasətinin əsas dayağı, banklararası faizləri isə əlavə dayaq kimi xarakterizə edib. Sədr faiz qərarının hansı istiqamətdə olacağı barədə açıqlama verməyib.
Son iclasdan bəri açıqlanan digər göstəricilər də Mərkəzi Bankın qiymətləndirməsinə daxil olacaq. Yanvar-sentyabrda iqtisadiyyat ötən ilin eyni dövrünə nisbətən 1,5% böyüyüb. Belə ki, neft-qaz sektorunda 1,2% azalma, qeyri-neft-qaz sektorunda 2,6% artım qeydə alınıb. Mərkəzi Bankın valyuta ehtiyatları isə avqustun sonundakı 15,3 mlrd. ABŞ dollarından sentyabrın sonunda 15,36 mlrd. dollara yüksəlib. Bu, AMB tarixindəki rekord ehtiyatdır.
Oktyabrın 27-də açıqlanan “Fitch Solutions” proqnozuna görə, Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda hazırkı 6,5%-dən 6%-ə enəcək. Qurum AMB-nin inflyasiya təzyiqləri və geosiyasi risklər fonunda ehtiyatlı siyasət yürüdəcəyini gözləyir.
Bu göstəricilər fonunda Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsini dəyişməz saxlaması mümkün qərarlardan biri kimi görünür. Bununla belə, inflyasiyanın illik tempindəki azalma faiz endirimi ehtimalını da gündəmdə saxlayır.