2026-cı ilin apreli ilə 2027-ci ilin mart ayı arasındakı dövrdə 5 yaşadək 465 min 900 uşaq və 246 min 300 hamilə yaxud süd verən qadın kəskin qidalanma çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyacaq.
Uqandada 3,6 milyon insan kəskin ərzaq qeyri-sabitliyi ilə üz-üzə olduğu halda, bu sayın 2027-ci ilin fevral-iyun dövründə 4,4 milyona yüksələcəyi proqnozlaşdırılır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uqandadakı koordinatoru Leonard Zulu paytaxt Kampalada keçirilən mətbuat konfransında Uqandadakı ərzaq qeyri-sabitliyinin miqyası ilə bağlı açıqlamalar verib.
Zulu 2026-cı ilin apreli ilə 2027-ci ilin mart ayı arasındakı dövrdə 5 yaşınadək 465 min 900 uşağın və 246 min 300 hamilə yaxud süd verən qadının kəskin qidalanma çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duymasının gözlənildiyini bildirib.
Karamoja aşağı bölgəsində yaşayanlar ilə qaçqınların və qaçqınlara ev sahibliyi edən icmaların ərzaq qeyri-sabitliyindən ən çox təsirlənən təbəqələr arasında olduğuna diqqət çəkən Zulu iqlimdən mənbələnən problemlərin, kənd təsərrüfatı istehsalındakı azalmanın, yüksək ərzaq qiymətlərinin və xəstəliklərin ərzaq təhlükəsizliyi və qidalanma şəraitinə mənfi təsir göstərdiyini qeyd edib.
Ölkədə 3,6 milyon insanın kəskin ərzaq qeyri-sabitliyi ilə üz-üzə olduğunu söyləyən Zulu bu sayın 2027-ci ilin fevral-iyun dövründə 4,4 milyona yüksələ biləcəyi barədə xəbərdarlıq edib.
Zulu dolanışıq mənbələrindəki həssaslıqlarla yanaşı, səhiyyə xidmətləri, su və sanitariya xidmətlərinə çıxışdakı çatışmazlıqların da qidalanma problemini dərinləşdirdiyini ifadə edib.