Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibindən çıxarılmalıdır.
Bu fikri təşkilatın keçmiş baş katibi Nikolay Bordyuja "RİA Novosti" jurnalistləri ilə söhbətində bildirib.
Bordyuja diqqətə çatdırıb ki, hazırda İrəvan KTMT-nin fəaliyyətində iştirak etmir. Buna baxmayaraq, Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır və buna görə də təşkilat daxilində qəbul edilən bütün qərarlar onunla razılaşdırılmalıdır. Lakin Ermənistanın hazırkı mövqeyi KTMT-də həyata keçirilən fəaliyyətlə ziddiyyət təşkil etməyə başlayıb. Bu fonda keçmiş baş katib belə qənaətə gəlib ki, Ermənistanın təşkilatı tərk etməsi düzgün addım olardı.
“Üzvlük haqları ödənilmir, fəaliyyətdə iştirak edilmir. Əgər məsələyə ciddi yanaşsaq, onlar həqiqətən ciddi tərəfdaşlardırsa, sadəcə təşkilatdan çıxmalıdırlar. Lakin onların mövqeyi ikili xarakter daşıyır: nə təşkilatdan çıxırlar, nə də işləmək, iştirak etmək istəyirlər. Buna görə də onları təşkilatdan çıxarmaq lazımdır”, — deyə Bordyuja fikrini yekunlaşdırıb.
Noyabrın 11-də Moskvada KTMT-nin növbəti sammiti keçiriləcək. Təşkilatın hazırkı baş katibi Taalatbek Masadıkov tədbir iştirakçılarının Ermənistanın beynəlxalq təşkilata üzvlüyü məsələsini müzakirəyə çıxara biləcəklərini istisna etməyib.