Amerikalıların qızılı əllərindən necə alınıb? - 1933-cü ilin böyük müsadirəsinin təfsilatı

Şəxsi mülkiyyətin toxunulmazlığı onilliklər ərzində Amerika arzusunun əsas dayaqlarından biri kimi təqdim olunub. Lakin 1933-cü ildə “Böyük depressiya”nın yaratdığı böhran ABŞ hökumətini görünməmiş addımlar atmağa sövq edib. Dövlət milyonlarla vətəndaşın əlindəki qızılı təhvil verməsini tələb edib, tələbi pozanları isə ağır cəzalarla hədələyib.

Bu hadisə kapitalist sisteminin mərkəzində, ABŞ-də baş verib. Hökumət maliyyə sistemini xilas etmək məqsədilə qızılın dövriyyəsinə sərt nəzarət tətbiq edib və bununla da şəxsi mülkiyyətin sərhədləri barədə ciddi suallar yaradıb.

“Böyük depressiya” və bank böhranı

1933-cü ilin martında ABŞ artıq dördüncü il idi ki, “Böyük depressiya”nın ağır nəticələri ilə üzləşib. İşsizlik təxminən 25 faizə çatıb, bank sisteminə inam kəskin azalıb. Qızıl standartının qüvvədə olduğu dövrdə amerikalılar kağız pullarını qızıla dəyişmək üçün banklara üz tutublar. Bir çox insan ehtiyatlarını banklardan çıxararaq evlərində, seyflərdə və başqa gizli yerlərdə saxlayıb. Nəticədə bankların qızıl ehtiyatları sürətlə azalıb, maliyyə sisteminin fəaliyyəti iflic vəziyyətinə düşüb. Hökumət bankların kütləvi iflasının qarşısını almaq üçün təcili tədbirlərə əl atıb.

Franklin Delano Ruzvelt 1933-cü il martın 4-də prezident vəzifəsinə başlayıb. İki gün sonra o, ölkədə bank tətili elan edib və bankların fəaliyyətini müvəqqəti dayandırıb. Martın 9-da Konqres fövqəladə bank qanununu qəbul edib. Qanun layihəsi çox qısa müddətdə müzakirə olunaraq təsdiqlənib və prezidentə maliyyə əməliyyatlarına geniş nəzarət imkanları verib.

Ruzvelt administrasiyası qızılın əhalidə toplanmasını iqtisadiyyatın bərpasına maneə kimi qiymətləndirib. Hökumət 1917-ci ildə qəbul edilmiş “Düşmənlə ticarət haqqında” qanunun müddəalarından istifadə edərək qızıl dövriyyəsinə məhdudiyyətlər tətbiq edib. 1933-cü il aprelin 5-də imzalanmış 6102 saylı sərəncam fiziki şəxslərdən və şirkətlərdən qızıl sikkələri, külçələri və qızıl sertifikatlarını müəyyən edilmiş müddətədək təhvil verməyi tələb edib. Dövlət qızılı hər troya unsiyası üçün 20,67 dollar qiymətlə qəbul edib.

Vətəndaşlara məhdud istisnalar tanınıb: müəyyən məbləğdə qızıl saxlamağa, kolleksiya sikkələrini qorumağa və peşə fəaliyyəti üçün zəruri qızıldan istifadə etməyə icazə verilib. Tələbi pozanları isə 10 min dollaradək cərimə və ya 10 ilədək həbs cəzası gözləyib. “Böyük depressiya” dövründə bu məbləğ olduqca böyük sərvət hesab olunub.

Qızıl dövlət ehtiyatlarına köçürülüb

Ağır cəzalarla üzləşmək istəməyən amerikalıların bir çoxu qızıl ehtiyatlarını banklara təhvil verib. Beləliklə, qızıl tədricən vətəndaşların əlindən çıxaraq dövlətin nəzarətinə keçib. Təhvil verilən qızılın bir hissəsi əridilərək standart külçələrə çevrilib. Bu prosesdə kolleksiya dəyəri olan sikkələr də əridilib. Sonralar dövlətin böyük qızıl ehtiyatlarının saxlanması ilə məşhurlaşan Fort-Noks anbarı ABŞ-nin qızıl ehtiyatları ilə bağlı əsas simvollardan birinə çevrilib.

1934-cü ildə ABŞ hökuməti “Qızıl ehtiyatı haqqında” qanunu qəbul edərək dolların qızıla nisbətdə rəsmi qiymətini dəyişdirib. Vətəndaşlardan qızılın unsiyası 20,67 dollara qəbul edildiyi halda, yeni rəsmi qiymət 35 dollar müəyyənləşdirilib. Beləliklə, dövlətin əlindəki qızıl ehtiyatlarının dollar ifadəsində dəyəri yüksəlib. Hökumət bu dəyişiklikdən əldə etdiyi maliyyə imkanlarından iqtisadi bərpa proqramlarını dəstəkləmək və büdcə problemlərini aradan qaldırmaq üçün istifadə edib.

Qızıllarını əvvəlki qiymətlə təhvil verən vətəndaşlar isə sonradan müəyyənləşdirilən yeni qiymət artımından birbaşa faydalanmayıblar. ABŞ-də vətəndaşlara investisiya məqsədilə qızıl almaq və saxlamaq hüququ yalnız 1974-cü ildə yenidən qaytarılıb.

1933-cü il hadisələri iqtisadi böhran zamanı dövlətin maliyyə sistemi üzərində nəzarəti nə qədər genişləndirə biləcəyini göstərib. Ruzvelt administrasiyası bank böhranını aradan qaldırmaq və iqtisadiyyatı bərpa etmək məqsədilə qızılın dövriyyəsini məhdudlaşdırıb, nəticədə milyonlarla amerikalının şəxsi ehtiyatlarına müdaxilə edib. Bu tarixi hadisə bu gün də müzakirə olunur. Rəqəmsal valyutaların və hesabların məsafədən bloklanması imkanlarının genişləndiyi bir dövrdə dövlətin fövqəladə vəziyyətlərdə vətəndaşların maliyyə aktivlərinə müdaxiləsinin sərhədləri barədə suallar aktuallığını qoruyub. 1933-cü ilin təcrübəsi göstərib ki, iqtisadi təhlükəsizliklə şəxsi mülkiyyət hüququ arasında yaranan ziddiyyətlər böhran dövrlərində daha kəskin xarakter alıb.(Musavat.com)