Oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında “Dinlərarası anlaşma üzrə UNESCO-UNITWIN Şəbəkəsinin Akademik Forumu”nun açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Forumun əhəmiyyətini vurğulayaraq elmin və mədəniyyətin beynəlxalq müstəvidə etimadın qurulmasında oynadığı roldan danışıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında mədəniyyətlərarası dialoq kontekstində təhsilin missiyasından bəhs edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəniyyətin insan kapitalının inkişafında və cəmiyyətin gələcəyinin formalaşmasında rolu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Azərbaycanın mədəniyyət siyasətində mədəniyyət yalnız tarixi irsin qorunması və yaradıcı fəaliyyətin dəstəklənməsi ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin gələcəyinə yönəlmiş strateji investisiya kimi nəzərdən keçirilir.
Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəniyyətin insan kapitalının inkişafı, milli kimliyin qorunması, sosial birliyin möhkəmləndirilməsi və dayanıqlı cəmiyyətin formalaşdırılması baxımından xüsusi əhəmiyyəti var. Mədəniyyət sahəsinə yönəldilən investisiyalar eyni zamanda gələcək nəsillərin yaradıcılıq potensialının, dünyagörüşünün və müxtəlifliyə münasibətinin formalaşmasına xidmət edir.
Tədbirdə həmçinin Avstraliyanın Deakin Universitetinin Mədəni müxtəliflik və sosial ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fəthi Mənsuri, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti, professor Ahmet Nuri Yurdusev, eləcə də UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram van Haver çıxış ediblər.
Sonra forum çərçivəsində “Parçalanmış dünyada humanitar elmlərin missiyası: dialoq, etimad və sosial həmrəyliyin elmi əsasları” mövzusunda sessiya təşkil olunub. Sessiya panel müzakirələrlə davam edib, mövzuya həsr olunmuş məruzələr dinlənilib.
Qeyd edək ki, “Dinlərarası anlaşma üzrə UNESCO-UNITWIN Şəbəkəsinin Akademik Forumu” oktyabrın 28-də ADA Universitetində davam edəcək.