Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Azərbaycanla Türkiyə arasında qardaşlıq bağları o qədər möhkəm və tarixi əhəmiyyətə malikdir ki, istənilən siyasi və diplomatik məsələlərin çərçivəsindən kənara çıxır və keçici proseslərlə məhdudlaşdırıla bilməz.

Bunu Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək Zirvə görüşü və təşkilata üzv ölkələrin müstəqilliklərinin 35-ci ildönümü ilə əlaqədar bəyanatında bildirilib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq sarsılmazdır, nəsildən-nəslə ötürülür, hər iki xalqın iradəsi və birgə mübarizə tarixinin səhifələri ilə möhkəmlənib. "Eyni fikirləri Türk dünyasının bütün qardaş dövlətləri haqqında da söyləmək olar", - deyə o bildirib və "qarşılıqlı anlaşılmazlıqların dərinləşməsinə" yol verilməməsinin vacibliyini vurğulayıb.

"Aramızda nifaq toxumu səpilməsinə imkan verməməliyik. Heç bir fikir ayrılığı uzunmüddətli uzaqlaşmaya səbəb olmamalıdır. Qardaşlıq bağlarımız qarşılıqlı hörmətə və ortaq gələcəyimizə inama əsaslanır. Türk dünyasının hər bir sakini tarixi yaxınlığımızın qorunmasına töhfə verməli, fikir ayrılıqlarından çəkinməli və gələcəyimizi zəiflədə biləcək hərəkətlərə yol verməməlidir", - deyə siyasətçi bildirib.

MHP lideri gələcək nəsillərə "güclü Türk dünyası" miras qoymağa çağırıb.