Azərbaycanda vətəndaşlar tez-tez elektronika və məişət texnikasının kreditlə satışını həyata keçirən mağazalardan şikayətlənirlər. Alınan məhsullarda sonradan problemlərin ortaya çıxması, dəyişmə, qaytarılma zamanı yaşanan çətinliklər sözügedən şikayətlər arasında yer alır. Bəzi şikayətlərdə isə qeyd olunur ki, vətəndaşların xarab məhsulları qanunla müəyyən olunmuş 14 gün ərzində qaytara bilməməsi üçün onu servisdə yubadırlar, bəzi hallarda isə yeni məhsullara göstərilmiş xidmətlə bağlı onlardan əlavə ödəniş tələb edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ölkə.az-a açıqlamasında bildirib ki, istehlak krediti verən qeyri-bank təşkilatları ilə biznes qurumları çox sıx əlaqədə işləyirlər. Ən kasıb istehlakçı qeyri-bank təşkilatından istehlak krediti götürməklə istehlak malı ala bilir:
“Biznes qurumları burada bir vasitəçi rolunu oynayır. Məsələn, bizə daxil olan şikayətlərdən birində qeyd olunur ki, kreditlə məişət cihazları satan mağaza elə bir sənəd hazırlayıb ki, burada istehlakçının imzası yoxdur. Bura qızıl zəmanət, telefon üçün örtüklər və s. daxil edilib və məlum olub ki, qiymət çox yüksəlib. İstehlakçı telefonu alarkən sevinir, ödəmə vaxtı çatanda isə tamam ayrı bir mənzərə yaranır.
Bəzən də istehlak kreditləri vasitəsilə istehlakçılara arzuolunmaz mal satılır. Bununla bağlı bir neçə şikayəti Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə göndərmişəm. Əlbəttə, Azad İstehlakçılar Birliyi biznes qurumlarının yoxlanılmasının tərəfdarı deyil. Çünki burada rüşvət amili ola bilər ki, bu da istehlakçının puludur. Lakin şikayətlər olanda gərək dövlət orqanı çox fəal yoxlama apara bilsin. Yaxud mediada məlumat dərc olunan zaman dövlət orqanları onu təqib etsin və yoxlamalar həyata keçirsin.
Əvvəllər istehlakçı ilə tək biznes qurumu işləyirdisə, indi kredit verən təşkilat da ortaya çıxıb. Yəni malın qaytarılması üçün əvvəllər bir biznes qurumu müqavimət göstərirdisə, indi bura kredit təşkilatı da qoşulub”.
E.Hüseynov əlavə edib ki, ciddi səbəblərdən biri də bazarın dəyişməsinə baxmayaraq istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 1995-ci ildən dəyişməməsidir.
Milli Məclisin deputatı Əli Məsimli də məsələ ilə bağlı Ölkə.az-a danışıb. O deyib ki, həyata keçirilən tədbirlərə baxmayaraq bir sıra sahələrdə istehlakçı hüquqlarının pozulması halları aktual olaraq qalır:
“Bizə olan müraciətlər içərisində istehlakçıların hüquqlarının pozulması ilə bağlı narazılıqlar da yer alır. Ona görə də, Milli Məclisdə qanunlarda, xüsusən də ticarətə dair dəyişikliklər edildikdə həmin dəyişiklərin vətəndaşlarımızın timsalında istehlakçıların hüqularına necə təsir etməsi məsələsinin mütləq nəzərə alınmasını bildirmişəm. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azad İstehlakçılar Birliyinin məlumatları sözügedən məsələnin vacibliyini çox aydın göstərir. Belə ki, agentliyin və birliyin məlumatlarında, eləcə də şikayət portallarında xüsusən də elektronika mağazalarında rast gəlinən problemlər öz əksini tapır. Bu, özünü sahibkarlar tərəfindən vətəndaşların 14 gün ərzində malı dəyişdirmə və ya qaytarma hüququnun pozulmasında daha qabarıq göstərir. Belə ki, 14 gün ərzində malın qaytarılması və ya dəyişdirilməsi zamanı sahibkarlar tərəfindən süni maneələrin yaradılması hallarına rast gəlinir. Bir sıra hallarda müştərilərə satılan malların, xüsusən də məişət texnikasının zəmanət şərtləri pozulur. Nasazlıq yarandıqda servis mərkəzləri müxtəlif bəhanələrlə təmirdən boyun qaçırır və ya qanunvericilikdə nəzərdə tutulmuş müddətləri gecikdirirlər. Müştəri qüsurlu elektronika məhsulunu geri gətirdikdə, mağaza qanunla müəyyən edilmiş 14 günlük dəyişdirmə və ya qaytarma müddətini keçirmək üçün məhsulu “rəy və diaqnostika” adı ilə servis mərkəzinə göndərir. Servisdə qəsdən yaradılan gecikmələr nəticəsində 14 gün ötürülür və sonradan müştəriyə “artıq müddət keçib, yalnız təmir oluna bilər” bəhanəsi gətirilir.
Qanunvericiliyin tələblərinə görə, malı istehsal edən müəssisə istehsal xətası olan məhsulu tamamilə pulsuz şəkildə eyni modelli yeni məhsulla əvəz etməli və ya məhsulu satan mağaza alıcının pulunu geri qaytarmalıdır. Lakin bəzi mağazalar qiymət artımını və ya kredit faizlərini əsas gətirərək vətəndaşdan əlavə ödəniş tələb edirlər. Xüsusilə kredit və hissə-hissə ödəniş müqavilələrində istehlakçının hüquqlarını qanundan daha aşağı səviyyəyə salan müddəalar yer alır ki, kreditlə alınan mallar heç bir halda geri qaytarılmır və ya dəyişdirilmir. Halbuki qanunvericiliyə görə, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri hüquqi gücə malik deyil. Servis mərkəzləri müstəqil ekspertiza keçirmədən, şifahi və ya birtərəfli rəylərlə cihazdakı hər hansı nasazlığı dərhal istifadəçinin yaratdığı xəta kimi qələmə verir və zəmanətli təmirdən imtina edir”.
Deputatın sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 31 il bundan əvvəl qəbul edilib. Həmin müddət ərzində bir sıra dəyişikliklər edilsə də, qanunda müasir bazarın iqtisadi, elektron və texnoloji reallıqları qarşısında müəyyən boşluqlar qalmaqda davam edir:
“Bu sahədə hüquqi təminatları gücləndirmək üçün bir sıra yeniliklər edilməlidir. Məsələn, məhsulun servisdə keçirdiyi günlər qanunla 14 günlük qaytarma müddətindən çıxılmalıdır. Qanuni tələbi yerinə yetirməyən və ya “Alınan mal geri qaytarılmır” kimi qanunsuz lövhələr vuran sahibkarlara tətbiq edilən inzibati cərimələr artırılmalıdır. Kredit müqavilələri imzalanarkən istehlakçıya qaytarılma şərtləri barədə ayrıca, aydın yazılmış bildiriş verilməsi məcburi qaydaya çevrilməlidir. Əgər bir elektronika məhsulu zəmanət müddəti ərzində eyni qüsurla əsaslı olaraq 2 dəfə servisə müraciət edibsə, istehlakçıya birbaşa müqaviləni ləğv edib pulunu geri almaq hüququ verilməlidir.
Bununla belə hesab edirk ki, hazırkı reallıqlar şəraitində ölkədə istehlakçı ilə sahibkar arasında şəffaflığı artırmaq, şikayətlərin araşdırılması və pozulmuş hüquqların bərpası mexanizmlərini təkmilləşdirmək məqsədilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun bundan sonra da təkmilləşdirilməsinə yox, yeni qanunun hazırlanmasına üstünlük verilməlidir. Çünki istehlakçıların hüquqlarını yüksək səviyyədə müdafiə etməkdən ötrü digər şərtlərlə yanaşı, həm də müasir tələblərə cavab verən hüquqi baza lazımdır. 1995-ci ildə qəbul edilmiş sözügedən qanuna ötən dövr ərzində müəyyən düzəlişlər edilsə də, o, müasir tələblər səviyyəsində tamamilə yenilənməyib. Bir sıra qanunlar kimi bu qanunun da həm icra mexanizmi mükəmməl deyil, həm də qanunların icrasına nəzarət mexanizmi zəif işləyir. Bu qanunun qəbulundan bəri Azərbaycan bazarı tamamilə dəyişib, onlayn ticarət və rəqəmsal xidmətlər yaranıb. Hazırkı mərhələdə əsas hədəf mövcud qanunvericilik bazasının müasir rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması, cərimə sanksiyalarının kəsərliyinin artırılması və vətəndaşların hüquqi maarifləndirilməsinin genişləndirilməsidir”.