Bakı, 27 oktyabr, AZƏRTAC Dünyada cəmiyyətlər heç vaxt olmadığı qədər bir-biri ilə əlaqəlidir, eyni zamanda, dərin parçalanma ilə üzləşir. Ətrafımızda nə qədər səs-küy və ünsiyyət olsa da, insanlar bəzən özlərini əvvəlkindən daha tənha hiss edirlər. Belə bir şəraitdə mədəniyyətlərarası liderlik – müxtəlif baxışları anlamaq, icmalar arasında etimad yaratmaq, insanları ortaq həllər və yeni ideyalar ətrafında birləşdirmək bacarığı mühüm əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun müavini Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik" mövzusunda plenar sessiyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, UNESCO-da hesab edilir ki, gənclər bu səylərə cəlb edilməlidirlər. Onlar yalnız siyasət və proqramların faydalanan tərəfi deyil, həm də həmin siyasətlərin hazırlanması və həyata keçirilməsində tərəfdaş olmalıdırlar: “UNESCO üçün gənc qadınların və kişilərin təşkilatın bütün fəaliyyətinin mərkəzində dayanması son dərəcə vacibdir. Buna görə də gənclər UNESCO-nun əməkdaşlıq etdiyi iki prioritet qrupdan biridir. Gender bərabərliyi də prioritetlərimizdəndir. Afrika da bizim prioritet istiqamətlərimizdən biridir. Beləliklə, Afrikadakı gənclərlə yanaşı, dünyanın digər bölgələrində yaşayan gənclər də bizim prioritet qruplarımız və qlobal prioritetlərimiz sırasındadır. İlk növbədə, qeyd etdiyim kimi, gənclərin bu qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir. Xoşbəxtlikdən, bu istiqamətdə artıq müəyyən işlər görülür. UNESCO-nun 2026-cı il üzrə Təhsil Monitorinqi Gənclər Hesabatı Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi və gənclər təşkilatları ilə birgə hazırlanıb. Bundan əlavə, Təhsil üzrə 4-cü Dayanıqlı İnkişaf Məqsədimiz (SDG 4) – “SDG 4 Gənclər və Tələbələr Şəbəkəsi” – artıq qlobal təhsil gündəliyinə istiqamət verən yüksəksəviyyəli rəhbər komitədə təmsil olunur. 2030-cu il Gündəliyindən sonrakı dövrdə təhsillə bağlı gələcək prioritetlərin müəyyənləşdirilməsi məqsədilə apardığımız məsləhətləşmələr zamanı 194 ölkədən 200 mindən çox gənc qadın və kişinin fikirləri öyrənilib. Onların prioritetləri məşğulluq imkanlarından və münaqişə şəraitində təhsildən tutmuş rəqəmsal savadlılığa, əlçatan təhsilə, yerli xalqların dillərinin qorunmasına, gender qərəzləri və ayrı-seçkiliklə mübarizəyə qədər geniş sahələri əhatə edir. Bu töhfələr 2027-ci ilin yazında Banqkokda keçiriləcək Qlobal Təhsil Görüşündə təqdim olunacaq, 2030-cu ildən sonrakı dövr üçün gənclərin təhsili və öyrənməsi gündəliyinin formalaşmasına kömək edəcək". Müxbirlər - Göyçək Mahmudlu, Lalə Minasazova Fotoqraf - İlkin Cavanşirov