“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur.
Sənəddə təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəflənir. Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır. Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payını 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.
Azərbaycanın yaşayış binalarında elektrik sobalarına keçidlə bağlı 2035-ci ilədək hədəfin müəyyənləşdirməsi hansı zərurətdən irəli gəlir? Bu addım ölkənin enerji və ekoloji siyasətində nəyi dəyişəcək? Nəzərdə tutulan keçid təbii qaza daxili tələbatın azalmasına və Azərbaycanın qaz ixracı imkanlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı ekspert Emin Qəribli bildirib: “Biz artıq elektrik enerjisi istehsal edirik və onun miqdarı kifayət qədər artıb. Gələcəkdə bu sahəni daha da genişləndirmək və daxili bazarı tamamilə elektrik enerjisi ilə təmin etmək istəyirik. Bu həm təhlükəsizlik baxımından əhəmiyyətlidir, həm də alternativ enerjidən istifadənin genişlənməsi ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edərdi.
Digər tərəfdən, qazın dünya bazarlarında qiyməti artır və gələcəkdə də artacağı gözlənilir. Dünyada vaxtilə daş kömür dövrü olub. İndi əsasən neft dövrüdür, növbəti mərhələdə isə məhz qaz dövrü gəlir. Ona görə də qazı daha çox ixrac etmək istəyirik.
Bu, səmərəlilik baxımından da məqsədəuyğundur. Çünki hazırda qazı, məsələn, mənzillərdə istifadə etməkdənsə, sənaye komplekslərinə yönəltmək və ya ixrac etmək daha məqsədəuyğun ola bilər. Bu, mövqeyimizi gücləndirər, iqtisadiyyata əlavə gəlir gətirərdi. Təbii ki, dəyişikliklərin həyata keçirilməsi üçün dövlət müəyyən xərcləri çəkməli, investisiyalar yatırmalıdır.
Lakin hesab edirəm ki, qeyd etdiyim dəyişikliklər və ixracın genişləndirilməsi bu xərcləri nəinki qarşılayacaq, həm də gələcəkdə ölkəyə davamlı və sabit gəlir gətirmək imkanı yaradacaq. Bunun üçün kifayət qədər vaxtımız da var. Həmin müddət ərzində alternativ enerji mənbələrinin həcmini artırmalıyıq.
Qeyd etdiyim kimi, bu, təhlükəsizlik baxımından da müsbət addımdır. Bildiyimiz kimi, ölkəmizdə qazdan zəhərlənmə halları kifayət qədər çoxdur. Eyni zamanda, daxili bazarda alternativ enerji hesabına istehsal olunan məhsullara tələbat da bu gün daha çoxdur. Digər enerji mənbələrindən əldə olunan əmtəələrə müəyyən məhdudiyyətlər də tətbiq edilir. Bütün bunlar investisiya mühitimizi də yaxşılaşdıracaq”.