Onlara siyasi partiya namizədlərini açıq dəstəkləmək qadağan edildi

Hakimlər siyasi partiyalara üzv ola, siyasi təşkilatlara dəstək göstərə, seçki kampaniyalarında hər hansı namizədin lehinə açıq mövqe bildirə və siyasi qərəzlilik təəssüratı yaradan paylaşımlar edə bilməzlər.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin siyasi fəaliyyəti və siyasi baxışlarını ifadə etməsi ilə bağlı tələblər dəqiqləşdirilib.

Yeni müddəalara əsasən, hakimlər heç bir seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər. Onların siyasi partiyalara və digər siyasi təşkilatlara üzv olması, bu qurumlara hər hansı formada dəstək göstərməsi və siyasi baxışlarını açıq ifadə etməsi yolverilməzdir.

Kodeksdə hakimlərin hər hansı siyasi partiyanı, namizədi və ya seçki kampaniyasını açıq şəkildə dəstəkləməməli olduğu ayrıca qeyd edilib. Həmçinin mediada və sosial şəbəkə platformalarında siyasi qərəzlilik təəssüratı yaradan paylaşımlardan çəkinmələri tələb olunur.

Qaydaya görə, hakim onun müstəqilliyini, qərəzsizliyini şübhə altına ala biləcək ictimai təşkilatlarda fəaliyyət göstərə bilməz.

Kodeksin əvvəlki redaksiyasında hakimlərin siyasi partiyalara və hərəkatlara mənsub olması, onlara dəstək göstərməsi, siyasi xarakterli kütləvi tədbirlərdə iştirakı və siyasi baxışlarını açıq ifadə etməsi qadağan edilirdi.