PKK-nın Sincar bölgəsindəki qolu kimi tanınan YBŞ-nin nəzarət etdiyi mövqelərin İraqın təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesinə başlanılıb.
“Milliyet” xəbər verir ki, illər sonra əraziyə İraq bayrağının sancılması ilə tarixi kadrlar qeydə alınıb.
Minlərlə PKK/YBŞ silahlısının rəsmi təhlükəsizlik strukturlarına inteqrasiya edilməsi çərçivəsində Sincar dağının ən hündür zirvəsi sayılan Çelmerada xüsusi mərasim təşkil olunub.
Keçirilən tədbirdə Mosul valisi Əbdülqadir Daxil, həmçinin İraq hökuməti və YBŞ nümayəndələri iştirak ediblər. İraq Baş nazirinin hərbi məsələlər üzrə sözçüsü Sabah ən-Numan verdiyi açıqlamada bu addımın Sincar rayonunda təhlükəsizlik məsuliyyəti baxımından yeni bir mərhələnin başlanğıcı olacağını vurğulayıb. Numan qeyd edib ki, ölkə konstitusiyası rəsmi Silahlı Qüvvələrdən kənar hər hansı hərbi qruplaşmaların yaradılmasını qadağan edir.
İraq Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri, general Səəd Maan "YBŞ üzvlərinin hansı təhlükəsizlik qurumlarına daxil ediləcəyi" ilə bağlı sualı cavablandırarkən, onların Daxili İşlər Nazirliyi və Həşd əş-Şəabi sıralarına qatılacağını bildirib.
Maan əlavə edib ki, rəsmi qüvvələrə inteqrasiya olunacaq YBŞ silahlılarının sayı 4 min nəfər təşkil edir və onların arasında qadınlar da mövcuddur.