Manuela Traldi: Sahibkarlar mədəniyyətlərarası dialoqda mühüm rol oynayırlar

Bakı, 27 oktyabr, AZƏRTAC Sahibkarlar mədəniyyətlərarası dialoqda, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsində mühüm diplomatik rola malikdir. AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib. O qeyd edib ki, sahibkarlar hədəfli şəkildə diplomat kimi fəaliyyət göstərməsələr də, həyata keçirdikləri layihələr və qurduqları tərəfdaşlıqlar vasitəsilə fərqli mədəniyyətlər arasında körpülər yaradırlar.“Biznes təqdimatlarının və əməkdaşlığın uğuru təkcə iqtisadi rəqəmlərdən deyil, həm də ölkələrin zəngin tarixi, mədəniyyəti, həyat tərzi və şəxsi təcrübələrin qarşılıqlı paylaşılmasından asılıdır. İtaliyanın kiçik və orta müəssisələri ənənəvi bilikləri texnologiya ilə uğurla birləşdirərək tipik məhsul və xidmətlər ixrac edirlər. Bu baxımdan, ənənə ilə innovasiyanın birgə tətbiqi həm qarşılıqlı iqtisadi artımı, həm də mədəni zənginləşməni dəstəkləyir”, - deyə o qeyd edib. Videooperator – Ələkbər Baxşiyev Fotoqraf - Orxan Kərimov