Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq respublika üzrə 10 ədəd yeni su anbarının tikintisi nəzərdə tutulub.
Bu barədə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev bildirib.
Agentlik rəsmisinin sözlərinə görə, həmin layihələrdən biri də həm içməli, həm də kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suarılması üçün Şəki və Oğuz rayonlarının ərazisində inşa olunan və 34 min hektar kənd təsərrüfatı torpağının suarılması ilə yanaşı, 49 min vətəndaşın içməli su təminatını həyata keçirəcək Əlicançay su anbarıdır.
Akif Quliyev həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə də genişmiqyaslı su təsərrüfatı layihələri icra olunur:
“2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin təməlini qoyduğu Laçın rayonundakı Həkəriçay su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr təşkil edir. Tam olaraq içməli su məqsədilə tikilən bu qurğu 172 kilometrlik magistral xətlə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarının ümumilikdə 700 minə yaxın əhalisini içməli su ilə təmin edəcək. Həmçinin magistral xətt üzərində hər birinin gücü 10,8 meqavat olan 3 ədəd su elektrik stansiyası quraşdırılacaq”.