Çində qızılın qiymətinin aşağı düşməsi əhali arasında qiymətli metalın alınmasına marağı artırıb. Daşınmaz əmlak bazarındakı durğunluq, səhmlərin ucuzlaşması və bank əmanətlərinin aşağı gəlirliliyi fonunda investorlar vətəndaşların yığımlarını qorumaq üçün qızıla üstünlük verdiyini müşahidə edirlər.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qızılın beynəlxalq bazarda bir troya unsiyası üçün 4 000 dollar həddinə yaxınlaşması Çində fiziki qızıla tələbi gücləndirib.
Şanxay Qızıl Birjasının məlumatlarına əsasən, oktyabrın 19–23-də yüksək əyarlı qızılın ticarət olunduğu “Au99.99” müqaviləsi üzrə əməliyyatların həcmi təxminən 43 ton təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə artım deməkdir.
Həmin müqavilə üzrə qızılın qiyməti bir həftədə təxminən 4,1% ucuzlaşaraq hər qram üçün 864 yuana düşüb.
“Au99.99” müqaviləsi üzrə əməliyyatlar tam ödəniş və fiziki qızıl üzərində mülkiyyət hüququnun ötürülməsi əsasında həyata keçirilir. Bu səbəbdən həmin bazarda aktivliyin artması qiymətli metala real tələbin mühüm göstəricilərindən hesab olunur.
Çin banklarında qızıl yığımı proqramlarına maraq da artır.
“Bloomberg”in məlumatına görə, ölkənin iri banklarında qızıl yığımı proqramları çərçivəsində 2026-cı ilin ilk doqquz ayında həyata keçirilən alışlar artıq 2025-ci ilin bütün ili üzrə göstəricini üstələyib.
Son həftə qiymətlərin daha da azalması bu proqramlar üzrə tələbin sürətlənməsinə səbəb olub.
Çində fəaliyyət göstərən bir sıra iri banklar qızıl yığımı məhsullarına marağı artırmaq üçün alış komissiyalarını azaldıblar.
Bununla belə, banklar qiymətli metalın yüksək dəyişkənliyini nəzərə alaraq müştərilər üçün risk qiymətləndirməsi tələblərini də gücləndirirlər.
Qızıla marağın artmasının əsas səbəblərindən biri Çində alternativ investisiya imkanlarının məhdudlaşmasıdır.
Ölkədə mənzil qiymətləri azalmağa davam edir, dövlət istiqrazlarının gəlirliliyi isə tarixi minimumlara yaxın səviyyədədir. Fond bazarındakı satışlar da əhalinin daha sabit hesab etdiyi aktivlərə marağını artırıb.
Böyük Britaniyada yerləşən beynəlxalq qızıl bazarı təşkilatı Ümumidünya Qızıl Rəşkilatının məlumatına görə, sentyabr ayında Şanxay Qızıl Birjasının anbarlarından 92 ton fiziki qızıl çıxarılıb. Bu, avqustla müqayisədə 48% artım deməkdir.
Təşkilatın qiymətləndirməsinə görə, qızıl qiymətlərinin azalması və ilin son rübündə ənənəvi olaraq tələbin güclənməsi Çində qiymətli metal alışlarını dəstəkləyə bilər.
Bununla belə, yüksək qlobal faiz dərəcələri və ABŞ dollarının möhkəmlənməsi qızıl qiymətləri üzərində təzyiq yaratmaqda davam edir.