İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə üç rübə 371 mln. manat ipoteka krediti verilib

2026-cı ilin ilk üç rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Azərbaycanda 370,7 milyon manat ipoteka krediti verilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərindən məlum olur.

Bu, 2025-ci ilin müvafiq dövründəki 354,4 milyon manatla müqayisədə 16,3 milyon manat və ya 4,6% çoxdur.

Təkcə sentyabr ayında banklar tərəfindən 107,8 milyon manat ipoteka krediti verilib. Bu, avqust ayındakı 25,1 milyon manatla müqayisədə 4,3 dəfə, ötən ilin sentyabrındakı 49,7 milyon manatla müqayisədə isə 2,2 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında ipoteka kreditləşməsi ötən ilin eyni dövrünə nisbətən 13,7% azalmışdı. Sentyabrdakı artım nəticəsində doqquz aylıq göstərici illik müqayisədə müsbətə keçib.

Hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi isə illik 5,6% azalaraq 289,3 milyon manata düşüb. Ötən ilin eyni dövründə bu göstərici 306,5 milyon manat idi.

İlk doqquz ayda Fondun yerləşdirdiyi istiqrazların həcmi 400 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 550 milyon manatla müqayisədə 27,3% azdır.

Dövlət büdcəsindən Fonda ayrılan vəsait isə 47,9 milyon manatdan 63,9 milyon manata yüksəlib.

Mərkəzi Bankın məlumatına görə, sentyabrın sonunda Fondun ipoteka portfeli üzrə orta kredit məbləği 68 412,5 manat, orta faiz dərəcəsi 6,39%, orta aylıq ödəniş isə 489,3 manat olub. Bir il əvvəl orta kredit məbləği 65 655,5 manat, aylıq ödəniş isə 468,7 manat təşkil edirdi.