Məşhur onlayn lüğət platforması "Dictionary.com" 2026-cı ilin sözünü açıqlayıb.
Keçən il gənclər arasında yayılan "6-7" ifadəsini seçən lüğət, bu dəfə xüsusilə Z və Alfa nəsillərinin işlətdiyi "maxxing" sözünü birinci yerə layiq görüb.
Bu söz ingiliscə "maximizing" (maksimuma çatdırmaq, optimallaşdırmaq) kəlməsindən yaranıb və hər hansı bir işi, vərdişi və ya fəaliyyəti son həddinə qədər aparmaq mənasını verir.
"Maxxing" ifadəsi ilk olaraq kompüter oyunlarında və kredit kartının limitini sonadək istifadə etmək mənasında yaranıb.
Daha sonra, 2010-cu illərdə internet forumlarında gənc kişilərin xarici görünüşlərini idman və baxımla maksimum dərəcədə yaxşılaşdırmasını ifadə edən "looksmaxxing" sözü ilə kütləviləşib. Zamanla bu söz toksik mənalardan uzaqlaşaraq sosial mediada gündəlik həyatın bir parçasına çevrildi. Dilçilərin fikrincə, bu söz müasir cəmiyyətin hər sahədən maksimum fayda almaq istəyini əks etdirir.
İnternet istifadəçiləri bu kəlməni müxtəlif sözlərin sonuna artıraraq yeni ifadələr yaradırlar:
Proteinmaxxing: Yeməklərdə zülal miqdarını maksimuma çatdırmaq.
Tokenmaxxing: İş prosesində süni intellekt alətlərindən son həddə qədər istifadə etmək.
Cozymaxxing: İstirahət vaxtını mümkün qədər rahat və komfortlu keçirmək.
Sleepmaxxing: Yuxu rejimini və keyfiyyətini ən yüksək səviyyəyə çatdırmaq.
Softmaxxing və Hardmaxxing: Görünüşü saç düzümü kimi kiçik toxunuşlarla dəyişmək ("softmaxxing") və ya radikal pəhriz və əməliyyatlarla kəskin dəyişmək ("hardmaxxing").
2026-cı ilin qısa namizəd siyahısına bu sözlər də daxil olub:
Affordability (Alıcılıq qabiliyyəti)
Data center (Məlumat mərkəzi)
Odysseus (Kristofer Nolanın "Odysseia" filmi səbəbilə populyarlıq qazandı)
Unc ("Uncle" sözünün qısaltması; gənclərin yaşça böyük və ya dəbdən düşmüş insanlara verdiyi ləqəb)