Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı “CyberHackCon 2026" baş tutub.
Tədbirdə etik hakerlər, kibertəhlükəsizlik mütəxəssisləri, təhlükəsizlik tədqiqatçıları, “Red Team” və “Blue Team” ekspertləri, “Bug Bounty” tədqiqatçıları, CISO-lar, bank, telekom və dövlət sektorunun texnologiya rəhbərləri bir araya gəlib.
Konfransda dünyanın müxtəlif ölkələrindən 12-dən çox spiker çıxış edib.
Onların sırasında Azərbaycan Dövlət CERT-inin sabiq rəhbəri Tural Məmmədov, “Veiliux” şirkətinin CTO-su və “Speeqr”in CEO-su Şahmir Amir, “Google EMEA”nın məsləhətçi meneceri Robert Fini, “Signify” və “Underdark.ai”da CTI rəhbəri Kobe Şvarts və digər ekspertlər var.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) Konfransın əsas tərəfdaşlarından biridir.
Gündəlikdə etik hakerlik, hücumyönümlü təhlükəsizlik, boşluqların araşdırılması, “Bug Bounty”, kibertəhdid kəşfiyyatı, rəqəmsal kriminalistika və süni intellekt təhlükəsizliyi mövzuları yer alıb.
Konfransın təsisçisi və baş icraçı direktoru İlkin Cavadov bildirib ki, məqsədimiz Azərbaycanda texnikiyönümlü, beynəlxalq standartlara cavab verən kibertəhlükəsizlik tədbiri formalaşdırmaqdır:
"Dövlət qurumlarının, maliyyə sektorunun və dünya səviyyəli tədqiqatçıların eyni məkanda bir araya gəlməsi bu yolda mühüm addımdır”.
Təşkilatçıların uzunmüddətli hədəfi “CyberHackCon”u regionun və dünyanın aparıcı kibertəhlükəsizlik konfranslarından birinə çevirməkdir.
Fəridə, Bizim.Media