Dövlət başçısı: Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olduq

“Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olduq, çünki əbədi müharibələr istəmirdik və qisas almaq niyyətimiz yox idi”.

Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“2020-ci il müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra Ermənistana sülh təklif etdik və bu da görünməmiş bir hadisədir. Müharibələr tarixində elə bir nümunəyə rast gəlmərik ki, son qanlı toqquşmadan iki ildən də az müddət sonra ölkələr sülhə nail olsunlar. Ötən ilin yayında sülh sazişi paraflandı. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olduq, çünki əbədi müharibə istəmirdik və qisas almaq niyyətimiz yox idi. Baxmayaraq ki, düşünürəm, emosiyaları da nəzərə almaq lazımdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks halda, müharibə sonsuz olacaq”, - dövlət başçısı qeyd edib.