İsraildə parlament seçkilər başlayıb. Ölkədə səsvermə məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) açılıb.
"Times Of Israel"in məlumatına görə, seçkilərin nəticələrinə əsasən, Knessetin 26-cı çağırışının tərkibi müəyyənləşəcək. Bundan sonra hökumət koalisiyasının formalaşdırılması proseduruna başlanılacaq və proses uğurla başa çatacağı təqdirdə yeni hökumətin üzvləri və baş nazir and içərək vəzifələrinin icrasına başlayacaqlar.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 7,3 milyon israillinin səsvermə hüququ var. Ölkə üzrə ümumilikdə 12 018 səsvermə məntəqəsi fəaliyyət göstərir. Məntəqələr saat 22:00-dək (Bakı vaxtı ilə 00:00-a kimi) açıq olacaq. Onlar bağlandıqdan qısa müddət sonra "exit-poll" nəticələri açıqlanacaq və səslərin hesablanmasına başlanılacaq.
Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, asayişin qorunmasına ümumilikdə 20 min polis əməkdaşı, sərhəd polisi əməkdaşı və könüllü cəlb olunub. Bununla yanaşı, İsrail ordusu Fələstin ərazilərində blokada rejiminin tətbiq edildiyini və İordan çayının Qərb sahilindəki bütün keçid məntəqələrinin bağlandığını açıqlayıb.