Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Bakı, 27 oktyabr, AZƏRTAC Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili, maliyyə resurslarından istifadənin optimallaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert bildirib ki, Nazirlər Kabinetinin 26 oktyabr 2026-cı il tarixli 357 nömrəli Qərarı ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləğləri müəyyənləşdirilib. Belə ki, tam orta ümumtəhsil məktəblərində bu məbləğ 2000 manat, lisey və gimnaziyalarda 2200 manat, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat təşkil edir.O vurğulayıb ki, əvvəlki maliyyələşmə yanaşması ilə müqayisədə adambaşına maliyyələşmə prinsipinin tətbiqi xüsusilə şagird sayı az olan məktəblərin fəaliyyətinin təşkili məsələsini aktuallaşdırır. Belə ki, məktəblərdə şagird sayından asılı olmayaraq müəllimlərin əməkhaqqı, kommunal xidmətlər, tədris ləvazimatları və digər zəruri ehtiyaclarla bağlı xərclər mövcuddur. Bəzi hallarda şagird sayı az olan məktəblərdə də bu xərclər daha çox şagirdi olan müəssisələrdəki xərclərə yaxın səviyyədə olur. Ekspertin fikrincə, adambaşına maliyyələşmə prinsipinin tətbiqi təhsilalanlar, müəllimlər və ümumilikdə təhsil sistemi üçün müsbət dəyişikliklərə şərait yarada bilər: “Adambaşına maliyyələşmə mexanizmi çərçivəsində şagird sayının az olduğu məktəblərin daha böyük təhsil müəssisələri ilə birləşdirilməsi və məsafədən təhsil imkanlarının genişləndirilməsi kimi məsələlər də gündəmə gələ bilər. Yeni mexanizm müəllimlərin əməkhaqqı məsələsinə də müsbət təsir göstərə bilər. Bununla yanaşı, məktəblər arasında rəqabət mühitinin formalaşması tədrisin keyfiyyətinin yüksəldilməsinə və şagirdlər üçün daha əlverişli təhsil şəraitinin yaradılmasına stimul verə bilər. Məktəblərin fəaliyyətinin qiymətləndirilməsində yalnız şagird sayının deyil, təhsilin keyfiyyətinin də əsas meyar kimi nəzərə alınması vacibdir. Yeni maliyyələşmə yanaşmasının səmərəliliyi təhsilalanların imkanlarının genişləndirilməsi, tədris prosesinin təşkili və təhsil müəssisələrinin resurslardan istifadəsi baxımından da qiymətləndirilməlidir”. Müxbir-Nərmin Muradzadə