Baş Prokurorluq restorandakı qətlin təfərrüatlarını açıqlayıb - həbs olunanlar 13-ə çatıb

Bakının Xətai rayonunda oktyabrın 23-də baş verən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər saxlanılıb, məhkəmə qərarları ilə hamısı barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İstintaqın ilkin nəticələrinə görə, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan Cəlal Mirağayevlə “Sabunçu Emin” ləqəbli Emin Rəhimov arasında borc mübahisəsinin həlli üçün “Ab-Hava” restoranında görüş keçirilib. Oktyabrın 23-də gecə yarısı tərəflər arasında başlayan münaqişə davaya çevrilib.

Prokurorluğun məlumatına görə, Mirağayev Rəhimova yumruqla zərbə vurduqdan sonra Rəhimovun dostu Elmar Cəfərov və Rəhimov bıçaqla Mirağayevə zərbələr endirib. Mirağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəfərov və Rəhimov mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs qismində cəlb olunublar. Digər şəxslər mütəşəkkil cinayətkar birlikdə iştirak, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə ittiham edilirlər.

Cinayət işi Baş Prokurorluğun İstintaq idarəsinə verilib. İbtidai istintaq davam edir