Böyük tenderləri qazanan “Amal Group”un xalis mənfəəti 39% azalıb

Azərbaycanda mal, iş və xidmətlərin təqdim edilməsi sahəsində fəaliyyət göstərən “Amal Group” MMC 2025-ci ili 2,37 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildəki 3,91 milyon manatla müqayisədə 39,3% azdır.

Xalis mənfəət marjası 7,99%-dən 4,87%-ə enib. Şirkətin balansındakı bölüşdürülməmiş mənfəət 2,03 milyon manatdan 4,4 milyon manata yüksəlib və illik 116,8% artıb.

Şirkətin əsas əməliyyat gəliri 0,6% azalaraq 48,65 milyon manat təşkil edib. İş və xidmətlərin təqdim edilməsindən gəlir 2,1% azalaraq 46,82 milyon manata, malların satışından gəlir isə 64% artaraq 1,83 milyon manata çatıb. Satışın maya dəyəri 8,7% artaraq 39,90 milyon manat olub. Nəticədə məcmu mənfəət 28,5% azalaraq 8,75 milyon manata, ümumi və inzibati xərclər isə 24,4% azalaraq 5,26 milyon manata düşüb. Məcmu mənfəət marjası 25%-dən 17,98%-ə, əməliyyat mənfəəti marjası 10,79%-dən 5,96%-ə enib.

Açıq satınalma məlumatlarının icmalına görə, “Amal Group” indiyədək ümumi dəyəri 215,48 milyon manat olan 17 dövlət müqaviləsi qazanıb. Şirkət 2023-cü ildə MİDA-nın Binəqədi layihələri üzrə ümumilikdə 40,21 milyon manatlıq üç müqavilə, 2024-cü ildə Qubadlının Mahruzlu və Zilanlı kəndlərində fərdi evlərin tikintisi üzrə 48,45 milyon manatlıq iki müqavilə əldə edib. 2025-ci ildə Zilanlı kəndində tikinti və mühəndis-kommunikasiya işləri üzrə 29,89 milyon manatlıq müqavilə bağlanıb, şirkət əlavə 23,78 milyon manatlıq tenderin qalibi seçilib. Digər müqavilələrə Hövsanda yaşayış binalarının tikintisi üzrə 27,3 milyon manatlıq və Qəbələ şəhər stadionunun təmiri üzrə 1,15 milyon manatlıq sifarişlər daxildir.

“Amal Group”un aktivləri 2025-ci ildə 60,4% artaraq 38,38 milyon manata, öhdəlikləri 55,1% artaraq 33,97 milyon manata, kapitalı isə 116,8% artaraq 4,40 milyon manata çatıb. Debitor borcları 4,5 dəfə artaraq 5,22 milyon manat, kreditor borcları 6,9% artaraq 7,47 milyon manat olub. Pul vəsaitləri 123,8% artaraq 1,29 milyon manata yüksəlib. Mal-material ehtiyatları 14,7% azalaraq 4,59 milyon manata, digər qısamüddətli aktivlər isə 43,4% azalaraq 4,37 milyon manata düşüb.

Qısamüddətli öhdəliklər 65,1% artaraq 30,82 milyon manata çatıb. Bunun 22,46 milyon manatı alınmış avanslardan ibarət digər qısamüddətli öhdəliklərin payına düşüb və bu göstərici illik 97,5% artıb. Uzunmüddətli öhdəliklər 2,4% azalaraq 3,16 milyon manat, uzunmüddətli faiz yaradan öhdəliklər 3,7% azalaraq 2,55 milyon manat olub. Əsas vəsaitlərin balans dəyəri 39,9% azalaraq 2,74 milyon manata düşüb, digər uzunmüddətli aktivlər isə 4,5 dəfə artaraq 20,11 milyon manata yüksəlib. Şirkətin “Tokaz” MMC-də 49%-lik payını əks etdirən investisiyasının balans dəyəri 7,3 min manat olub.

Xatırladaq ki, “Amal Group” MMC 9 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin gəlirlərinin əsas hissəsi iş və xidmətlərin təqdim edilməsindən formalaşır. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin yeganə təsisçisi və 100%-lik payın sahibi Əliyev Eldar Azad oğludur.