Nobel ala bilməyən Tramp qəzəbləndi: “Ölkəmdə Norveçdən heç kimi görmək istəmirəm”

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında keçirilən seçki mitinqində Norveçi hədəf alıb.

Xarici mediaya istinadən, Osloda yerləşən komitənin ona Nobel Sülh Mükafatını verməməsinə sərt reaksiya göstərən Tramp bu ölkədən gələcək miqrantları ABŞ-də görmək istəmədiyini bildirib.

Aralıq seçkiləri ərəfəsində Port-Huron şəhərində seçicilər qarşısında çıxış edən ABŞ dövlət başçısı Fransadakı küçə iğtişaşlarını da miqrasiya siyasəti ilə əlaqələndirib:

“Mənə Nobel mükafatı vermədilər… Buna görə də Norveçdən heç kimi istəmirəm”, — deyə D.Tramp vurğulayıb.

Çıxışının davamında keçmişdə Haiti, Liviya, Somali və Yəmən haqqında işlətdiyi sərt ifadələri Norveç üçün də təkrarlayan Prezident bu ölkənin bərbad vəziyyətə düşdüyünü iddia edib.

Bununla belə, Tramp administrasiyasının Norveç miqrantlarına qarşı hər hansı rəsmi məhdudiyyət və ya yeni siyasət hazırladığına dair əlamət yoxdur.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, Norveç adambaşına düşən ÜDM-ə görə dünyanın ən zəngin ölkələrindəndir. Ölkənin Dövlət Neft Fondu 2026-cı ilin ilk yarısında 1,75 trilyon Norveç kronu (təxminən 184,3 milyard dollar) rekord mənfəət açıqlayıb.