Bina sakinləri quşa görə dəm qazından zəhərləndi

Almaniyanın Ştutenzeye şəhərində bir quş qazla işləyən istilik sisteminin tüstü borusunu bağlayıb. Nəticədə çoxmənzilli binaya dəm qazı yayılaraq səkkiz nəfərin zəhərlənməsinə səbəb olub.

Hadisə bazar günü günortadan sonra baş verib. Saat 16:20 radələrində sakinlərdən biri şiddətli baş ağrısından şikayət edərək təcili tibbi yardıma zəng edib.

Tibb işçiləri yardım göstərərkən onların dəm qazı detektorları işə düşüb. Dərhal hadisə yerinə əlavə xilasetmə xidmətləri çağırılıb və bina sakinləri təxliyə edilib.

Dəm qazından zəhərlənmə şübhəsi ilə səkkiz nəfər xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, sakinlərdən ikisinin vəziyyəti kritik olub.

Yanğınsöndürənlər təhlükəli qazı binadan çıxarmaq üçün otaqları havalandırıb və hadisənin səbəbini araşdırmağa başlayıblar. Nəticə isə gözlənilməz olub: bir quş qazla işləyən istilik sisteminin tüstü borusunda ilişib qalıb. Buna görə yanma məhsulları lazımi qaydada xaricə ötürülməyib və mənzillərə yayılıb.