Ukrayna artıq bir aya yaxındır ki, ABŞ-nin Müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin təchizatına dair imzasını gözləyir.
"İnterfax-Ukrayna"nın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, ABŞ tərəfi ilə danışıqlar aparılması barədə tapşırıq verdiyini bildirib.
“Ukraynanın müdafiə naziri, Silahlı Qüvvələrin baş komandanı və xarici işlər naziri Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün, ilk növbədə, “Patriot” kompleksləri üçün raketlərin təchizatı ilə bağlı vəziyyət barədə məruzə etdilər. Bir neçə istiqamətdə işləyirik: ABŞ, Avropa və PAC-2 və PAC-3 raket ehtiyatlarına malik digər tərəfdaşlarla. Xüsusilə, artıq bir aya yaxındır ki, cənab Heqsetin “Patriot” və “NASAMS” sistemləri üçün raketlərlə bağlı imzasını gözləyirik. Bu məsələni ABŞ tərəfi ilə yenidən müzakirə etməyi tapşırdım. Digər ölkələrlə də danışıqlar davam edir”, – deyə Zelenski bildirib.
Oktyabrın 20-də Qərb KİV-lərində ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukraynaya verilməsi nəzərdə tutulan “Patriot” kompleksləri üçün zenit raketlərinin ötürülməsi məsələsinə baxılmasını ləngitdiyi barədə iddialar yayılmışdı.
Amerikalı rəsmilərin məlumatına görə, Ukraynaya dost ölkələrdən silahların ötürülməsi üçün ABŞ Müharibə naziri Pit Heqsetin rəsmi razılığı tələb olunur. Buna səbəb həmin sistemlərin ABŞ-də istehsal edilməsi və ixraca nəzarət qaydalarına tabe olmasıdır.Rəsmilər qeyd edirlər ki, Heqset hələlik bu müraciətləri rəsmi şəkildə rədd etməyib, lakin onların təsdiqlənməsi üçün zəruri addımları da atmayıb.