Bred Pitt boşanma dövründə ona dəstək olan məşhurların adlarını açıqlayıb

Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşanma prosesinin çətin dövründə ona dəstək olan məşhur dostlarının adlarını ilk dəfə açıqlayıb.

Bu barədə UNIAN nəşri Meaww-a istinadən məlumat yayıb.

Aktyorun sözlərinə görə, həmin dövrdə Corc Kluni, Bredli Kuper, Leonardo Di Kaprio və Mett Deymon ona mənəvi dəstək göstəriblər. Onun ilk həyat yoldaşı Cennifer Eniston da çətin günlərində yanında olan şəxslər arasında olub.

Pitt bildirib ki, bu ağır mərhələni adlamaqda yaxın dostları və ailəsi ilə səmimi münasibətləri mühüm rol oynayıb. O, sevdiyi və ona dəstək olan insanlarla hisslərini açıq bölüşə bildiyini vurğulayıb.

Bred Pitt və Ancelina Coli 2005-ci ildə tanış olub, 2014-cü ildə evləniblər. Cütlük 2016-cı ildə ayrılmaq qərarı verib, boşanma prosesi isə 2024-cü ilin dekabrında yekunlaşıb.