Hikmət Hacıyev: “Yeni media platformalarına ehtiyac var”

Azərbaycan, Pakistan və Türkiyənin maraqları CICA və ya G8 kimi beynəlxalq platformalarda hər zaman üst-üstə düşmür. Bu baxımdan yeni əməkdaşlıq platformalarının yaradılmasına ehtiyac var.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada pakistanlı nümayəndənin sualını cavablandırarkən deyib.

Hikmət Hacıyev bildirib ki, ilk növbədə, ölkələrin media qurumları bir-birini daha yaxından tanımalı və sıx əməkdaşlıq etməlidir.

Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərindən olan jurnalistlər bir çox hallarda dezinformasiya kampaniyalarının hədəfinə çevrilir və ya onların yayılmasında iştirak edirlər.

Prezidentin köməkçisi qeyd edib ki, ənənəvi beynəlxalq media qurumları yerli mədəniyyətlərə tam inteqrasiya ola bilmədikdə müəyyən stereotiplərin formalaşmasına şərait yaranır.

Hikmət Hacıyev vurğulayıb ki, Qlobal Cənub ölkələrinin ortaq dəyərləri səylərin birləşdirilməsi üçün mühüm zəmin yaradır. Əsas məqsəd dezinformasiyaya qarşı birgə mübarizə aparmaq və ölkələrə qarşı formalaşdırılan qərəzli stereotipləri aradan qaldırmaqdır.\\musavat.com