Qarabağda bərpa layihələri beynəlxalq investorların diqqətinə çatdırılacaq

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinə investisiyaların cəlb edilməsi, regionun iqtisadi potensialının beynəlxalq ictimaiyyətə tanıdılması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət istiqamətlərindəndir.

Bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi AIREX 2026 ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyinin göstərilməsi, investisiyaların cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, eləcə də maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

“AIREX 2026 kimi beynəlxalq tədbirlər Qarabağda aparılan bərpa-quruculuq işlərinin təqdim edilməsi və regionun investisiya imkanlarının potensial investorların diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən biznes nümayəndələrini, investorları və mütəxəssisləri bir araya gətirən sərgi işğaldan azad edilmiş ərazilərin inkişaf perspektivlərini tanıtmaq, həyata keçirilən layihələr barədə məlumat vermək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün əlverişli platformadır. Sərgi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsinə, həmçinin regionda həyata keçirilən proseslər barədə məlumatlılığın artırılmasına töhfə verəcək. Maarifləndirmə Fondun nizamnaməsindən irəli gələn əsas fəaliyyət istiqamətlərindən biridir. AIREX 2026 vasitəsilə həm fondun fəaliyyəti, həm də Qarabağda aparılan bərpa-quruculuq işləri və regionun gələcək inkişaf perspektivləri barədə məlumatların daha geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərin yalnız bərpasının deyil, həm də dayanıqlı inkişafının və yaşıl enerji potensialının reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Bu baxımdan, investisiyaların cəlb edilməsi və müxtəlif tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə şöbəsinin müdiri vurğulayıb.

Şöbə müdiri sərginin gələcəkdə də səmərəli əməkdaşlıq platforması kimi fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, Qarabağda hazırda həyata keçirilən bərpa-quruculuq layihələri gələcəkdə regionun inkişafının və əldə olunan nəticələrin təqdim olunmasına imkan yaradacaq.