Bakıda ağacın kəsilməsi zamanı qaydaları pozan əməkdaş işdən çıxarılıb

Bakının Nəsimi rayonunda, 28 May küçəsində ağacın kəsilməsi zamanı aqrotexniki qaydaları pozan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı vəzifəsindən azad edilib. Ərazidə təxminən 10 hektar sahədə parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və yeni ağacların əkilməsi planlaşdırılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yeni parkın salınması ilə bağlı işlər zamanı Birliyin əməkdaşlarının bir ağacı kəsərkən aqrotexniki qaydalara riayət etmədiyi aşkarlanıb. Ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, onun kəsilməsi zamanı müəyyən edilmiş qaydalara əməl olunmalı idi.

Faktla bağlı müvafiq inzibati tənbeh tədbiri görülüb, işində yol verdiyi nöqsanlara görə əməkdaş tutduğu vəzifədən azad edilib.

İcra Hakimiyyətinin məlumatına görə, əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib. Bunların əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağacları olduğu bildirilib.

Qeyd olunub ki, həmin ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və insanların təhlükəsizliyi üçün risk yaradır.