TƏBİB-in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar yeni nizamnaməsinin layihəsi iki ay ərzində hazırlanmalı, normativ aktların uyğunlaşdırılması barədə isə altı ay müddətində Nazirlər Kabinetinə məlumat təqdim edilməlidir.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi aidiyyəti qurumlarla razılaşdırmaqla TƏBİB-in nizamnamə layihəsini, o cümlədən nizamnamə fondunun məbləği ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Ədliyyə Nazirliyinə isə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Prezidentin müvafiq fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay ərzində hazırlamaq tapşırılıb.

Mərkəzi icra hakimiyyəti orqanları zəruri tədbirləri dörd aydan gec olmayaraq görməlidirlər. Onların normativ hüquqi və normativ xarakterli aktlarının fərmana uyğunlaşdırılmasını təmin etmək, bu barədə altı ay ərzində hökumətə məlumat vermək Ədliyyə Nazirliyinə həvalə olunub.