İspaniyanın Qranada Universitetinin alimləri müəyyən ediblər ki, fasiləli orucla fiziki məşqlərin birləşdirilməsi artıq çəkidən və bədəndəki piy yığıntılarından xilas olmaqda adi idman məşqlərindən daha effektiv ola bilər.
Tədqiqatçılar piylənmədən əziyyət çəkən 187 könüllünün iştirakı ilə 12 həftəlik eksperiment aparıblar. İştirakçılar dörd qrupa bölünüblər. Birinci qrup yalnız sağlam həyat tərzinə dair ümumi tövsiyələrə əməl edib, ikinci qrup fasiləli oruc tutub, üçüncü qrup yalnız idmanla məşğul olub, dördüncü qrup isə qidalanma məhdudiyyətlərini fiziki məşqlərlə birləşdirib.
Fasiləli oruc tutan iştirakçılar gün ərzində yalnız səkkiz saatlıq müddətdə qida qəbul ediblər. İdman proqramına güc məşqləri və yüksək intensivlikli kardio məşqləri daxil edilib. Bütün iştirakçıların qidalanma rejimi Aralıq dənizi pəhrizinin prinsiplərinə uyğunlaşdırılıb. Araşdırmanın nəticələrinə görə, fasiləli oruc tutanlar yalnız ümumi tövsiyələrə əməl edənlərlə müqayisədə orta hesabla 2,2 kiloqram daha çox çəki itiriblər.
Ən yaxşı nəticə isə fasiləli orucu idman məşqləri ilə birləşdirən iştirakçılarda müşahidə olunub. Bu üsul xüsusilə dərialtı piylərin azalmasında daha effektiv olub. Alimlər qaraciyərdəki piy yığıntılarını da araşdırıblar. Məlum olub ki, bütün qruplarda bu göstərici yaxşılaşıb, lakin heç bir üsul digərlərindən açıq üstünlük nümayiş etdirməyib. Bununla yanaşı, müntəzəm idman məşqləri iştirakçıların fiziki dözümlülüyünü və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırıb.
Tədqiqatçılar vacib bir məqama da diqqət çəkiblər. Eksperimentdən 12 ay sonra iştirakçıların çəki göstəriciləri arasındakı fərqlər aradan qalxıb. Bu isə həmin metodun xüsusilə qısamüddətli arıqlama baxımından effektiv olduğunu göstərir. Mütəxəssislər vurğulayırlar ki, davamlı nəticə əldə etmək üçün yalnız qısamüddətli pəhriz deyil, uzunmüddətli sağlam qidalanma və fiziki aktivlik vərdişləri də vacibdir. Fasiləli oruc hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər qidalanma rejimini dəyişməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.