Məhkəmə deputatın oğlu ilə bağlı qərar verdi

Nizami Rayon Məhkəməsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı təqdimata baxılıb.

Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ə.ƏLizadə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb. Hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib.

Oktyabrın 25-də Xətai Rayon Məhkəməsi davada iştirak edən 6 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxıb.

Məhkəmənin qərarına əsasən, CM-nin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.

Əlizadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.

Xətai Rayon Məhkəməsi hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.

Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri təqtimatına Nizami Rayon Məhkəməsində baxılması qərara alınmışdı.