Barselona və Mərdəkanda "El Klassiko"

Bu gün yerli futbolseverlər üçün böyük futbol bayramıdı. Heç şübhəsiz, həftə hamı üçün yorucu keçib. Təkcə iş və tıxacın xüsusən paytaxt sakinləri üçün nə dərəcədə çətinlik yaratdığı bəllidi. Hələ başqa problemləri demirik. Odu ki, həftəni "El Klassiko"larla başa vurmaqdan ancaq zövq almaqda, bazar ertəsinə yenilənmiş enerji ilə qədəm qoymaqda fayda var.

Bəli, bu gün "Barselona" La Liqanın 10-cu turunda "Kamp Nou"da "Real"ı qəbul edəcək. Bir tərəfdə 27 xalla vahid lider olan Kataloniya təmsilçisi, qarşısında mövsümə əzəli rəqibi qədər uğurlu başlamayan, 9 oyunda 21 xal toplaya bilən "kral klubu". "El Klassiko" saat 00.00-da start götürəcək. Buna qədər isə yerli "El Klassiko"ya - "Sabah" - "Qarabağ" matçına şahidlik edəcəyik. Burda "bayquşlar" vahid liderdi. Qafqazın "Barselona"sı da İspaniyanın "Barselona"sı kimi 3-cü sıradadı.

Xoşbəxtlikdən, bu matçların daha çox ortaq xüsusiyyəti var. Belə ki, Mərdəkanda - "Sabah Arena"da keçiriləcək oyunda tribubalarda anşlaq olacaq! Axı "bayquşlar" bir qədər əvvəl sosial şəbəkə hesablarında bütün biletlərin satıldığı haqda elan paylaşdı! Öz aramızdı, belə də olmalı idi. Axı bu matçı canlı izləmək istəyən tətəfdarların çox sayda olduğuna şübhə yox idi.

Matçın əhəmiyyətindən danışmaq isə təkrarçılıq olar. Axı çempion olmaq istəyən komandalar təbii ki, yalnız qələbə qazanmağa, meydanı qalib tərəf kimi tərk etməyə çalışacaq. Bizə isə bu cür qarşıdurmadan - ölkənin güclü kollektivlərinin, Valdas Dambrauskasla Qurban Qurbanovun duelindən zövq almaq qalır.

Güclü olan qazansın!