Azərbaycanda traktorların sayı 43 mini keçib – Dövlətin güzəştli satışları isə azalır

Azərbaycanda kənd təsərrüfatı texnikası parkı genişlənməkdə davam edir. 2025-ci ildə ölkədə traktorların sayı 2 500-dən çox artsa da, dövlət tərəfindən güzəştli şərtlərlə satılan traktorların sayı əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ilin sonunda ölkədə 43 277 traktor qeydə alınıb. Bu, 2024-cü ilin sonundakı 40 771 ədədlə müqayisədə 2 506 ədəd və ya 6,1 faiz çoxdur. Eyni dövrdə taxılyığan kombaynların sayı 3 225-dən 3 276-ya, pambıqyığan kombaynların sayı isə 537-dən 538-ə yüksəlib.

Kənd təsərrüfatının texnika ilə təminatı göstəricilərində də yaxşılaşma müşahidə olunub. Belə ki, 2024-cü ildə hər 1 000 hektar əkin sahəsinə 25 traktor düşdüyü halda, 2025-ci ildə bu göstərici 27,3-ə çatıb. Bir traktora düşən əkin sahəsi isə 40 hektardan 37 hektara azalıb.

Bununla belə, dövlət tərəfindən güzəştli şərtlərlə satılan traktorların sayı məhdud olub. 2025-ci ildə bu mexanizm vasitəsilə 45 traktor satılıb. Müqayisə üçün, 2024-cü ildə göstərici 48, 2015-ci ildə isə 1 061 ədəd təşkil etmişdi. Beləliklə, ölkənin ümumi traktor parkı genişlənsə də, güzəştli satışlar əvvəlki illərlə müqayisədə xeyli aşağı səviyyədədir.