Bir şəhərə görə atəşkəs – dünyanın danışdığı Aleşki…

Bir vaxtlar sakit yaşayışı ilə tanınan Aleşki indi humanitar fəlakət, minalanmış yollar və Rusiya-Ukrayna müharibəsinin ən ağrılı səhifələrindən biri ilə gündəmdədir. Təxminən 24 min sakinin yaşadığı şəhərdə indi cəmi 2 minə yaxın insan qalıb. Atəşkəs təşəbbüsünün Donald Trampın həyat yoldaşı Melaniya Trampın vasitəçiliyi ilə gündəmə gəlməsi isə kiçik bir yaşayış məntəqəsini dünya siyasətinin diqqət mərkəzinə çıxarıb.

Ukraynanın Xerson vilayətində, Dnepr çayının sol sahilində yerləşən Aleşki şəhərinin adını əvvəllər beynəlxalq xəbərlərdə nadir hallarda görmək olardı. Bu gün isə şəhər Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, Roma papası və ABŞ-nin birinci xanımı Melaniya Trampın diqqət yetirdiyi humanitar böhranın mərkəzindədir.

“SP” nəşrinin yazdığına görə, Aleşkidə mülki əhalinin təhlükəsizliyini təmin etmək, humanitar yardım çatdırmaq və istəyən sakinləri təxliyə etmək üçün lokal atəşkəs barədə razılaşma əldə olunub. Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimovun açıqlamasına əsasən, Rusiya qüvvələrinin ərazidə döyüş əməliyyatlarını oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan dayandırması nəzərdə tutulub. Lakin bu təşəbbüsün nəticəsi hələ məlum deyil. Çünki atəşkəsin elan olunması ilə uzun müddətdir müharibənin içində yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi eyni şey deyil.

Aleşki harada yerləşir və niyə əhəmiyyətlidir?

Aleşki Xerson şəhərinin qarşı tərəfində, Dnepr çayının sol sahilində yerləşir. Çayın iki sahili hazırda Rusiya və Ukrayna qüvvələrinin qarşıdurma xəttinin bir hissəsidir. Bu coğrafi mövqe şəhəri təkcə mülki əhalinin yaşadığı məntəqə deyil, həm də hərbi baxımdan həssas əraziyə çevirir. Şəhər Xersonun yaxınlığında yerləşir və çay üzərindəki mövqeyi səbəbindən müharibə boyunca strateji əhəmiyyətini qoruyub. Belə ərazilərdə hərbi əməliyyatlar, artilleriya zərbələri, pilotsuz uçuş aparatlarının fəaliyyəti və yolların minalanması gündəlik həyatın təhlükəsizliyini ciddi şəkildə məhdudlaşdırır.

Aleşkinin tarixi də onun bugünkü vəziyyətini anlamaq üçün əhəmiyyətlidir. Şəhərin tarixi kökləri Dnepr boyunca formalaşmış yaşayış məntəqələrinə, çay nəqliyyatına və bölgənin kənd təsərrüfatı ənənələrinə bağlıdır. Sovet dövründə və Ukraynanın müstəqilliyindən sonra Aleşki Xerson ətrafındakı yerli iqtisadi və sosial həyatın bir hissəsi kimi inkişaf edib. Şəhər uzun müddət indiki adından əvvəl Tsyurupinsk adı ilə tanınıb. 2016-cı ildə Ukraynada sovet dövründən qalan toponimlərin dəyişdirilməsi prosesi çərçivəsində tarixi Aleşki adı bərpa edilib. Beləliklə, şəhərin adı da ölkənin tarixi yaddaş və milli kimlik siyasətinin bir hissəsinə çevrilib.Kiyev Rusundan kazakların tarixinə qədər

Aleşkinin keçmişi təkcə son yüzilliklərlə məhdudlaşmır. Şəhərin rəsmi tarixi haqqında məlumatlarda bu ərazidə X–XIII əsrlərdə mövcud olmuş Oleşşya adlı yaşayış məntəqəsinin adı çəkilir. Bu məntəqə Dnepr çayının aşağı axınında ticarət və müdafiə məntəqəsi kimi əhəmiyyət daşıyırdı. Bölgədən Qara dəniz istiqamətinə uzanan yollar, çay nəqliyyatı və məhsuldar torpaqlar yaşayışın formalaşmasına təsir göstərmişdi.

Sonrakı əsrlərdə ərazi müxtəlif siyasi qüvvələrin nəzarəti altında olub. 1711-ci ildə kazaklar burada Oleşki Sıçını yaratmışdılar. Zaporojye kazaklarının tarixində yer tutan bu məntəqə 1711–1728-ci illərdə fəaliyyət göstərib. XVIII əsrin sonlarında ərazinin Rusiya imperiyasına birləşdirilməsindən sonra burada daimi yaşayış və inzibati idarəçilik genişlənib.

1802-ci ildə Aleşki şəhər statusu alaraq Dnepr qəzasının mərkəzinə çevrilib. Əhalinin əsas məşğuliyyətləri kənd təsərrüfatı, balıqçılıq, çay nəqliyyatı və ticarət olub. XIX əsrdə burada məktəblər, bazarlar, sənətkarlıq müəssisələri və dənizçilik üzrə təhsil ocaqları fəaliyyət göstərirdi.

1928-ci ildə şəhərin adı sovet dövlət xadimi Aleksandr Tsyurupanın şərəfinə Tsyurupinsk olaraq dəyişdirilib. 2016-cı ildə Ukraynanın dekommunizasiya siyasəti çərçivəsində tarixi Aleşki adı bərpa olunub. Bu dəyişiklik şəhərin sovet keçmişindən ayrılaraq tarixi toponimə qayıdışının simvolu kimi təqdim edilib.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayanda Aleşki də müharibənin ilk günlərində Rusiya qüvvələrinin nəzarətinə keçdi. Şəhərin sakinlərinin bir hissəsi ərazini tərk etdi, qalanlar isə getdikcə ağırlaşan təhlükəsizlik və təminat problemləri ilə üzləşdilər.

Aleşkinin taleyinə ən ağır zərbələrdən biri 2023-cü il iyunun 6-da Kaxovka su elektrik stansiyasının bəndinin dağılması nəticəsində baş verən daşqın oldu. Şəhərin böyük hissəsi su altında qaldı, yaşayış evlərinə və infrastruktura ciddi ziyan dəydi. Hadisənin səbəbləri ilə bağlı tərəflər bir-birini ittiham etsə də, nəticədə ən ağır zərbəni mülki əhali aldı.

Müharibədən əvvəl şəhərdə təxminən 24 min nəfər yaşayırdı. Ağ Ev və beynəlxalq media məlumatlarına görə, hazırda Aleşkidə təxminən 1700–2000 nəfər qalıb. Onların əhəmiyyətli hissəsi yaşlı insanlardır. Elektrik, istilik, içməli su, dərman və ərzaq çatışmazlığı gündəlik həyatı son dərəcə çətinləşdirib. Minalanmış yollar və pilotsuz uçuş aparatlarının yaratdığı təhlükələr isə həm yardımın çatdırılmasını, həm də insanların təxliyəsini mürəkkəbləşdirir.

Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov oktyabrın 27-si səhər saat 04:00-dan etibarən Xerson istiqamətində döyüş əməliyyatlarının humanitar əməliyyatla əlaqədar dayandırılacağını açıqlayıb. Bununla belə, Ağ Evin yaydığı ilkin açıqlamada atəşkəsin başlanma tarixi oktyabrın 29-u göstərilib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun məlumatına görə, Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova bu məsələ ilə bağlı Melaniya Trampın ofisi ilə daimi əlaqə saxlayacaq.