Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"

Fransız Polineziyası və Kanaki nümayəndə heyətinin Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında iştirak etməkdə əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir.

Bunu açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Fransız Polineziyasının nümayəndəsi Tauhani Leska deyib.

O, komandasının turnirdə uğur qazanacağına böyük ümid bəslədiyini bildirib:

"Fransız Polineziyasının bu yarışda qalib gələcəyinə inanırıq və buna ümid edirik. Əsas məqsədimiz gənc futbolçulara dəstək nümayiş etdirməkdir".

Nümayəndə tədbirdə iştirak etmək imkanı yaradıldığına görə təşkilatçılara minnətdarlığını bildirib:

"Burada olmağımıza şərait yaratdıqları və bizi dəvət etdikləri üçün Bakı Təşəbbüs Qrupuna çox minnətdarıq".

Qeyd edək ki, oktyabrın 24-də start götürən U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək Hövsan Yarış Kompleksində davam edəcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Azərbaycan komandası bu gün, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Azərbaycan seçməsi oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.