Lerik dağlarında qızıl axtaran həbs edildi

Xəbər verdiyimiz kimi, Lerikdə qanunsuz qızıl axtaranlar saxlanılıb.

Modern.az-ın əldə etdiyi xəbərə görə, qanunsuz qızıl axtaranlardan biri hadisə olan günü saxlanılsa da, digər şəxs bir gün sonra tutulub.

Belə ki, Lerik rayon yol polisi əməkdaşları axtarışla bağlı xidmətdə olduqları vaxt avtovağzal ərazisində bir şəxsdən şübhələniblər. Onun əynində cırıq cins şalvar olub və polislər kimliyini öyrənmək üçün ona yaxınlaşanda qaçmağa cəhd edib. Daha sonra nalayiq ifadələr işlədərək, ictimai asayişi pozub. Polis əməkdaşları na hərəkətlərini dayandırmasını desələr də, məhəl qoymayıb. O, şöbəyə aparılıb və barəsində müvafiq inzibati protokollar tərtib olunub.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs 40 yaşlı R. Qasımovdur. O, ifadəsində bildirib ki, Ruslan və Eltunla qızıl axtarmaq üçün Bakıdan Lerikin Buzeyir kəndinə gəliblər. Onlar qanunsuz qızıl axtarışı ilə məşğul olarkən polis əməkdaşları hadisə yerinə gəlib. Polisləri görən kimi dərhal hərəsi bir tərəfə qaçıblar. O, Lerik rayonu avtovağzal ərazisində saxlanılıb.

Məhkəmənin qərarı ilə R. Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, polis əməkdaşları Lerikdə qanunsuz qızıl axtaranları müəyyən edib. Saxlanılma zamanı hadisə yerindən qaçmağa cəhd göstərən bir nəfər qayalıqlardan yıxılaraq ölüb.