Deputatın oğlu AMİP-dən çıxarılmayacaq - AÇIQLAMA

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin ta.kilatın üzvlüyündən çıxarılması məsələsini hazırda müzakirə etməyi məqsədəuyğun saymır.

Bunu AMİP Mərkəzi Şurasının üzvü Əli Oruc deyib.

Onun sözlərinə görə, Əhməd Əlizadə hələ ki şübhəli şəxs qismində saxlanılıb və barəsində istintaq davam edir.

“Əhməd Əlizadə barəsində qəti məhkəmə hökmü olmadığından onun partiya üzvlüyünə xitam verilməsi məsələsini qaldırmağı məqsədəuyğun hesab etmirik. Hazırda buna heç bir lüzum yoxdur”, - deyə Əli Oruc bildirib.

Partiya rəsmisi hadisədən sonra Arzuxan Əlizadə ilə bağlı linç kampaniyasına başlanmasından da danışıb. O, qeyd edib ki, qanunvericiliyə əsasən, şəxs öz əməlinə görə məsuliyyət daşıyır və onun hərəkətlərinə görə ailə üzvlərinin məsuliyyətə cəlb edilməsi düzgün deyil.

“Buna görə bütün bir ailəni linç etmək, hədəf göstərmək düzgün deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, AMİP sədri, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə bir müddət əvvəl Bakıda ölümlə nəticələnən kütləvi dava ilə əlaqədar polis tərəfindən saxlanılıb.