Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb.

Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanın sözlərinə görə, həmin vaxt məktub London Metropoliten Polisinə və kral ailəsinin mühafizəsinə cavabdeh quruma göndərilib, daha sonra isə ona təqdim olunub. Hersoginya məktubda atası ilə bağlı ciddi və qorxulu ittihamların yer aldığını, araşdırma aparıldığının bildirildiyini qeyd edib.

“The Sun” nəşrinin məlumatına görə, 2018-ci ildə Britaniya polisinə göndərilən məktubda Tomas Markl uşağa qarşı seksual zorakılıqda ittiham olunub. Sənədin məzmunu indiyədək ictimaiyyətə açıqlanmayıb.

Bildirilib ki, məktubda Tomas Marklın uşaqlara qarşı seksual zorakılıq etmək məqsədilə Filippin və Taylanda səfər etdiyini etiraf etdiyi də iddia olunub. Sənəd kral ailəsinin üzvləri və digər tanınmış şəxslərə yönələn təhdidləri qiymətləndirən Britaniyanın FTAC qurumuna daxil olub.

“People” nəşrinin məlumatına görə, məktubda yer alan ittihamlar təsdiqlənməyib. Hazırda Britaniya polisi sənədin necə ötürüldüyü ilə bağlı daxili yoxlama aparır. Bununla belə, Tomas Markla qarşı Britaniyada cinayət işi üzrə araşdırma aparılmayıb və aparılmır. O, ölkə hüdudlarından kənarda yaşadığı üçün məsələ ilə bağlı ayrıca araşdırma Filippində davam edir.

Tomas Marklın oğlu kiçik Tomas Markl atasının evində uşaqlara qarşı seksual zorakılıq məzmunlu materiallar aşkar etdiyini iddia edib. Onun sözlərinə görə, Sebu şəhərindəki evdə belə görüntülərin olduğu dörd qutu, eləcə də atasına məxsus sərt disklərdə oxşar məzmunlu fayllar olub. O, gördüklərindən sarsıldığını bildirərək hadisə barədə yerli polisə və ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verdiyini deyib. Tomas Markl kiçik istintaqa ifadə verməyə hazır olduğunu da açıqlayıb.

Tomas Markl isə ona qarşı irəli sürülən ittihamları rədd edib və bunları yalan adlandırıb. O, oğlunun açıqlamalarından sarsıldığını bildirərək heç vaxt ittiham olunduğu əməlləri törətmədiyini söyləyib.

Tomas Marklın böyük qızı Samanta da atasını müdafiə edib. O, qardaşını böhtan atmaqda ittiham edərək, onun bu açıqlamalar vasitəsilə mediadan qazanc əldə etməyə çalışdığını iddia edib.

Xatırladaq ki, Meqan Markl ilə atası arasındakı münasibətlər 2018-ci ildə şahzadə Harri ilə toyları ərəfəsində kəskin şəkildə pisləşib. Tomas Markl paparatsilər üçün ödənişli fotosessiya təşkil etdikdən sonra yaranan qalmaqal və səhhətindəki problemlər səbəbindən qızının toyunda iştirak etməyib. Daha sonra o, Meqanın jurnalistlərlə ünsiyyətdən çəkinməsi xahişini əks etdirən şəxsi məktubunu “Mail on Sunday” nəşrinə verib. Məktubun dərc olunması məhkəmə mübahisəsinə səbəb olub və Meqan Markl işi qazanıb.

Həmin ilin avqustunda atasına beş səhifəlik məktub yazan Meqan Markl onun davranışlarının qəlbini dərindən yaraladığını bildirib. O vaxtdan bəri ata və qız arasında əlaqə, demək olar ki, kəsilib.(Axşam.az)