Azərbaycan ərazisində istehsal olunan bərpaolunan elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə ümumi investisiyaların həcmi 22 milyard avro qiymətləndirilir.
Bu barədə layihənin texniki-iqtisadi əsaslandırmasında bildirilib. Sənəd tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə tərtibat mərhələsinə keçir.
Bu məbləğin 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi sisteminin yaradılmasına, 7,8 milyard avrosu isə bərpaolunan enerji mənbələri əsasında elektrik enerjisi istehsalı güclərinin tikintisinə yönəldiləcək.
Ümumi gücü 3,9 giqavat (QVt) olan dəhlizin yaradılması nəzərdə tutulur. Dəhliz hər birinin gücü 1,3 QVt olan üç elektrik xəttindən ibarət olacaq.
Araşdırmaya əsasən, layihənin daxili gəlirlilik norması (IRR) 11,7% səviyyəsində qiymətləndirilir.
Proqnozlara görə, 2032-ci ilədək dəhliz bərpaolunan mənbələrdən əldə edilən illik 8 teravat-saat (TVt·saat) elektrik enerjisinin Avropa İttifaqına (Aİ) ixracını təmin edəcək. 2040-cı ilədək bu göstəricinin ildə 20 TVt·saata çatacağı proqnozlaşdırılır.
Enerji sistemində yüklənmədən əldə olunan gəlirlərin ( congestion revenues – elektrik enerjisinin topdansatış qiymətləri fərqli olan bazar zonaları və ya regionlar arasında ötürülməsi zamanı yaranan qiymət fərqindən əldə edilən gəlirlər) 2032-ci ildən etibarən ildə 315 milyon avronu ötürəcəyi proqnozlaşdırılır. Bundan əlavə, layihənin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək karbon qazı (CO₂) emissiyalarının ildə 3,6 milyon ton azaldılması mümkün olacaq.