Dövlət Bağçalı Azərbaycan səfirini qəbul etdi - YENİLƏNİB…

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

Görüş zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Dövlət Bağçalıya çatdırıb, Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə ona təşəkkür edib.

Rəşad Aslanov türk dünyasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində Bağçalının səylərinin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.

Dövlət Bağçalı isə Prezident İlham Əliyevin diqqətinə və təşəkkürünə görə minnətdarlığını bildirib. O, dövlət başçısına səmimi salamlarının çatdırılmasını xahiş edib və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

MHP sədri Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

O, iki ölkə arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.