Avrasiya İnkişaf Bankı (EDB) Çin, Oman, Türkiyə və Özbəkistandan olan tərəfdaşlarla birgə yeni Mərkəzi Asiya və Cənubi Qafqaz Birbaşa İnvestisiyalar Fondunun (CACPEF) həmtəsisçisi qismində çıxış edir.
Fondun formalaşdırılması regionun perspektivli müəssisələrinin sənaye artımına və maliyyə dəstəyinə kömək etmək məqsədilə uzunmüddətli kapitalın və sahəvi resursların səfərbər edilməsinə yönəlib.
EDB-dən başqa layihənin həmtəsisçiləri arasında Çin İnvestisiya Korporasiyası (CIC), Oman İnvestisiya İdarəsi (OIA), Özbəkistan Yenidənqurma və İnkişaf Fondu (UFRD), Türkiyənin OYAK fondu, həmçinin “Shenwan Hongyuan Securities Co., Ltd.” şirkəti yer alıb. Gələcəkdə fondun maliyyələşdirilməsinə suveren sərvət fondları, regional inkişaf bankları və pensiya fondları da daxil olmaqla, digər institusional qurumların cəlb edilməsi nəzərdə tutulur.
Layihənin təşəbbüskarlarının sözlərinə görə, CACPEF Çin, Yaxın Şərq ölkələri və Avrasiya məkanından olan investorların maliyyə vəsaitlərini və ekspert potensialını bir araya gətirəcək. Fond Mərkəzi Asiya və Cənubi Qafqaz şirkətlərinin müasir texnologiyalara, bazar imkanlarına və beynəlxalq sahə təcrübəsinə çıxışını təmin etməyi hədəfləyir.
EDB-də qeyd edilib ki, bankın bu təşəbbüsdə iştirakı təşkilatın 2027–2031-ci illər üçün yenilənmiş strategiyasının müddəalarına tam uyğundur. Həmin strategiyada prioritet istiqamət kimi üzv dövlətlərə beynəlxalq kapitalın cəlb edilməsi müəyyən olunub.
“Mərkəzi Asiya və Cənubi Qafqaz şirkətləri biznesin miqyasının genişləndirilməsi və yeni bazarların mənimsənilməsi üçün uzunmüddətli kapitala ehtiyac duyurlar. Çin, Oman, Özbəkistan və Türkiyədən olan tərəfdaşlarla əməkdaşlıq beynəlxalq investisiya potensialını regiondakı dərin ekspertizamızla birləşdirməyə imkan verəcək. EDB üçün fondun yaradılmasında iştirak üzv dövlətlərin iqtisadiyyatlarına əlavə vəsaitlərin cəlb edilməsi və regional şirkətlərin inkişafına dəstək göstərilməsi vasitələrindən biridir”, – EDB idarə heyəti sədrinin müavini Daniyar İmanqaliyev bildirib.
Yeni təşəbbüs bankın Çin və Yaxın Şərq bazarlarında mövqelərinin möhkəmləndirilməsi strategiyası kontekstində həyata keçirilir. Belə ki, 2026-cı il oktyabrın 6-da EDB və Oman Maliyyə Nazirliyi bankın Sultanlıq ərazisində fəaliyyət şərtlərinə dair çərçivə sazişi imzalayıb. Bu, Omanın EDB üzvləri sırasına qoşulması prosesinə start verib.
Bundan əlavə, bank Əbu-Dabi Qlobal Bazarında (ADGM) yerləşən nümayəndəliyi vasitəsilə fəal fəaliyyət göstərir. 2026-cı ilin oktyabrında isə Honkonqda dim-sam istiqrazlarının (borc qiymətli kağızlarının Çin yuanı ilə ifadə olunmuş növü) ilk buraxılışını uğurla həyata keçirib.